“İnformasiya və diaspor cəbhəsində savaşımızın yeni mərhələsi başlayır” – Bəyanat | 1news.az | Xəbərlər
Cəmiyyət

“İnformasiya və diaspor cəbhəsində savaşımızın yeni mərhələsi başlayır” – Bəyanat

15:06 - 30 / 12 / 2020
“İnformasiya və diaspor cəbhəsində savaşımızın yeni mərhələsi başlayır” – Bəyanat

“Biz, xalqımıza və dövlətimizin başçısına bəyan etmək istəyirik ki, tarixi Vətənimizin, bütün sahələrdə qüdrətlənən Azərbaycan dövlətinin maraqlarına xidmət etməkdən qürur duyur və Vətənimizin mənafeyi üçün gördüyümüz ən xırda işə görə fəxarət hissi keçiririk”.

1news.az xəbər verir ki, bu fikirlər Almaniyada yaşayan azərbaycanlılar adından yayılan bəyanatda yer alıb.

Köln Azərbaycan-Türk Kültür və Dayanışma Dərnəyinin sədri Ufuk Kamal Ufuk bildirib ki, dövlətimizin, xalqımızın  maraqlarını qorumaq, şanlı ordumuza dəstək göstərmək, harada yaşamasından asılı olmayaraq, hər bir soydaşımızın mənəvi və vicdani  borcu, qədim və şanlı tariximiz qarşısında şərəfli bir missiyasıdır:

“Hətta Azərbaycan dövləti tərəfindən heç bir maddi və mənəvi dəstəyi gözləmədən də hər birimiz, hər zaman ölkəmizə öz xidmətini,  dəstəyini nümayiş etdirməyə, haqlı mövqeyimizi dünyaya çatdırmağa, xüsusən də Vətənimizin hərbi və siyasi meydanda mübarizə apardığı dönəmdə var gücünü birləşdirməyə  borcluyuq. Bu, bir minnət, bir ehtiram deyil, ürəyimizdən gələn Vətən naminə bir vəfa borcu, əsil-nəcabətə bağlılıq rəmzidir.

Vətən Müharibəsi göstərdi ki, ölkəmiz üçün həlledici tarixi dönəmdə bizlər,  təmənnasız olaraq, heç bir şəxsi maraq güdməyərək  öz vəfa borcumuzu, Vətənimizə bağlılığımızı nümayiş etdirdik, dövlətimizin, onun rəhbərinin və ordumuzun yanında dayandıq”.

Ufuk Kamal Ufuk “çox qürurvericidir ki, hər zaman olduğu kimi, bu vacib dönəmlərdə də Azərbaycan dövləti, Diasporla İş üzrə Dövlət Komitəsi də bizim yanımızda oldu,  yolumuza işıq tutdu, maddi, mənəvi dəstəyini göstərdi”, - deyə əlavə edib:

 “Biz - Almaniyada fəaliyyət göstərən azərbaycanlılar olaraq Vətənin ağır və şərəfli dönəmində gördüyümüz işləri dəyərləndirərək bir sıra üzvlərimizin və soydaşlarımızın “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilməsinə və Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən “Təşəkkürnamə”lərin təqdim edilməsinə görə dərin minnətdarlığımızı bildiririk.

Döyüş meydanında müharibəmiz bitsə də, informasiya və diaspor cəbhəsində savaşımızın yeni mərhələsi başlayır. Biz 44 gün ərzində göstərdiyimiz birlik və həmrəyliyi gücləndirərək fəaliyyətimizi daha mütəşəkkil, zəfər əhval-ruhiyyəsi ilə  davam edəcəyik. Bizim - Azərbaycanı sevənlərin Vətən üçün gördüyü kiçik işlərə verdiyiniz yüksək dəyərə görə, dərin təşəkkürmüzü bildirir, hər zaman dövlətimizin, ölkə başçısının yanında olduğumuzu vurğulayırıq. Dünya Azərbaycanlılarının Həmrəyylik Günü və Yeni iliniz mübarək olsun!”.

Qafar Ağayev

Paylaş:
465

Son xəbərlər

Bütün xəbərlər