Cəmiyyət

Azərbaycan mediası yeni inkişaf mərhələsində: gözləntilər özünü doğruldacaqmı? - TƏHLİL

16:40 - 18 / 01 / 2021
Azərbaycan mediası yeni inkişaf mərhələsində: gözləntilər özünü doğruldacaqmı? - TƏHLİL

Məlum olduğu kimi, Prezident İlham Əliyev yanvarın 12-də “Media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb. Yaradılmış yeni qurumun - MEDİA-nın Nizamnaməsi də təsdiq olunub.

Ekspertlərin fikrincə, “Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin yaradılması media sahəsindəki problemləri aradan qaldırmağa və qarşıya qoyulan strateji hədəflərə çatmağa imkan verəcək.

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu ölkəmizdə media ilə bağlı yeni qurumun yaradılmasını Azərbaycanın informasiya mühitinin köklü şəkildə dəyişməsinə gətirib çıxaracaq mühüm hadisə kimi qiymətləndirir:

“İnformasiya məkanımızda informasiya istehlakçıları, onların mənbə kimi istifadə etdikləri informasiya subyektlərinin çoxşaxəliliyi və bunun virtual və real ictimai münasibətlər sistemimizə təsiri məsələləri kompleks şəkildə yanaşma tələb etməklə, sadalanan münasibətlərin ictimai və hüquqi tənzimlənməsi məsələlərini aktuallaşdırırdı. Başqa mühüm bir problem isə mediamızın bir şəkildə qlobal informasiya məkanına inteqrasiyası, yaxud bu məkanın imkanlarından milli informasiya məkanımızın lehinə istifadə edilməməsi gerçəkliyi idi. Əgər daha açıq danışmalı olsaq, milli mediamızın qlobal informasiya məkanına çıxışının məhdud olması və burada Azərbaycanın informasiya maraqlarının təmin olunmaması idi. Yəni mövcud informasiya subyektlərimizin transmilli media statusunda keyfiyyətli və milli maraqlarımıza uyğun olan iştirakçılığı arzu edilən səviyyədə deyildi. Bu boşluqdan istifadə edən bəzi yumşaq güc mərkəzləri milli media məkanımızı daima təzyiq altında saxlayır, onun üzərində dominantlıq etməklə, əslində bizim informasiya gündəmimizi təyin edirdi. Milli informasiya məkanımızın gündəminin başqaları tərəfindən təyin edilməsi cəhdləri isə milli maraqlarımızla daban-dabana ziddiyyət təşkil edirdi.

Çox təəssüf ki, əksər hallara nə media ilə bağlı yaradılmış ixtisaslaşmış müxtəlif ictimai qurumlarımız, nə də digər strukturlarımız buna qarşı fəal müqavimət nümayiş etdirə bilmirdilər. Nəticədə milli informasiya məkanımız manipulyasiyaya məruz qalır, beləliklə də milli təhlükəsizliyimizin əsas komponentlərindən olan informasiya təhlükəsizliyimiz pozulurdu. Ona görə də müxtəlif vaxtlarda bu problemləri həll etmək üçün müəyyən cəhdlər olsa da, səmərəli nəticə əldə etmək mümkün olmadı. Çünki problemin həlli kompleks və əsaslı yanaşma tələb etdiyi halda, kosmetik və pərakəndə yanaşma tətbiq olunurdu. Yeni təsis edilən Medianın İnkişafı Agentliyi isə məhz bu problemlərin həllinə kompleks yanaşma ilə effektiv həll imkanları yaradır”.

Hikmət Babaoğlu yeni yaradılan media qurumu ilə bağlı daha iki məsələyə diqqət çəkib. Bu məsələlərdən biri dövlət orqanları ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, dövlət orqanlarının media subyektləri ilə əlaqələrinin təkmilləşdirilməsi, qarşılıqlı etimadın artırılması ilə əlaqədar tədbirlər həyata keçirilməsidir. İkincisi isə qurumun səlahiyyətləri içərisində çap mediası və onlayn media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verə bilmək səlahiyyətinin olmasıdır.

Deputat qeyd edib ki, bütün bunlarla yanaşı qanunvericilik bazasının yeni tələblər əsasında təkmilləşdirilməsi yaxud yenilənməsi, maarifləndirmə işinin təşkili, müvafiq konsepsiyaya uyğun olaraq müxtəlif layihələrin həyata keçirilməsi və.s kimi digər xeyli sayda yeni vəzifə və hüquqlar müəyyənləşdirilib ki, onların hər biri ayrılıqda mediamızın inkişafına təkan verən faktor qismində çıxış edəcək. Ona görə də Medianın İnkişafı Agentliyi yeni innovativ əsaslarda və yeni keyfiyyətdə informasiya mühitinin formalaşması işində xüsusi missiya yerinə yetirəcək.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, tanınmış ictimai-siyasi xadim Elçin Mirzəbəyli bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Medianın İnkişafı Agentliyinin yaradılması, yalnız ölkə mediasının deyil, bütövlükdə ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında yeni mərhələnin başlanğıcıdır:

“Çünki bu gün dünyada cərəyan edən bütün proseslərin təməlində informasiya və onun təhlükəsizliyi dayanır. İnformasiya təhlükəsizliyi vətəndaşın, ictimai maraqların, dövlətin təhlükəsizliyinin əsas istiqamətidir və bütün digər istiqamətlərin gələcək perspektivlərini müəyyənləşdirir. İnformasiya mühitində etimadlılığı təmin etmədən dövlət-vətəndaş münasibətlərində şəffaflığa, qarşılıqlı anlaşmaya nail olmaq olduqca çətindir və bəlkə də mümkün deyil. Qeyd edim ki, Agentliyin yaradılması ilə bağlı Prezident Fərmanında “Media haqqında” Azərbaycan Respublikası qanunun layihəsinin iki ay müddətində hazırlanaraq dövlət başçısına təqdim edilməsi ilə bağlı müddəanın da yer alması müstəsna əhəmiyyətə malikdir. Bununla da media anlayışına zamandan geri qalan yanaşma tərzi tarixin arxivinə yola salınacaq, səhənin spektri genişlənəcək və nə qədər parodoksal görünsə, arxaik elemetlərdən xilas olmaqla konkretləşəcək. Azərbaycanda Medianın İnkişafı Agentliyinin yaranması: - Milli mətbuatımızın klassik ənələrinin yeni, daha modern, daha çevik, manipulyasiyalara imkan verməyən, xaosa, dərəbəyliyə yol verməyən hüquqi platformaya daşınması; - ənənəvi, yeni və sosial mediada mövcud olan problemlərin aradan qaldırılması; - azad və ədalətli rəqabət mühitinin formalaşdırılması; - formaca deyil, mahiyyət, məzmun etibarilə vətəndaş mövqeyinin, milli və dövlət maraqlarının peşə prinsipinə, peşəkarlığın, istedadın əsas dəyərləndirmə amilinə çevrilməsi; - jurnalistikadan cinayətkar məqsədlər üçün istifadə edən və media adına ləkə olan şəxslərin fəaliyyətinə son verilməsi; - milli mətbuatımızın gələcəyə, inkişafa, uğura açılan pəncərəsidir”.

E.Mirzəbəyli vurğulayıb ki, mediada köklü islahatların aparılması zamanın və Azərbaycan xalqının maraqlarının tələbidir:

“Ola bilsin ki, bu proses kimlər üçünsə ağrılı olacaq. Amma peşəkarlar, öz işinə sayğı duyanlar, jurnalist adını şərəflə daşıyanlar, Azərbaycanın milli mətbuatının inkişafını ürəkdən arzulayanlar, mövcud xaotik duruma və cinayətkarların şərəfli peşəmizi gözdən salmaq "missiyası"na son qoyulmasını istəyənlər bu prosesdən uğurla çıxacaqlar. Nəticədə isə Azərbaycan qazanacaq”.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə hesab edir ki, Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı Azərbaycan mətbuatının inkişafında yeni mərhələ açır:

“Fərmanda da qeyd edildiyi kimi, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranıb. Ölkəmizdə medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə imzalanan bu sənədə uyğun olaraq Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaradılması media sahəsində qarşıdakı dövr üçün nəzərdə tutulan hədəflərin gerçəkləşməsində stimulverici amil olacaq.

Birmənalı qeyd etmək olar ki, bu addım Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin başlanmasıdır. Çünki yeni texnologiyaların inkişafı və tətbiqi sahəsinin genişləndirilməsi mətbuatın da bu imkanlardan bəhrələnməsinə yol açır. Bu diqqət və qayğı öz növbəsində jurnalist məsuliyyəti və peşəkarlığı məsələsini daha da aktuallaşdırır. Bu baxımdan internet resurslarının sürətlə inkişaf etdiyi müasir dövrdə qarşıda dayanan əsas vəzifələrdən biri məlumatın obyektivliyinin, qərəzsizliyinin qorunmasıdır.

Mətbuatın inkişafına yönələn tədbirlər, görülən işlər, bu sahədə həyata keçirilən islahatlar onu deməyə əsas verir ki, Azərbaycanda dövlət-mətbuat münasibətləri bundan sonra da yüksək səviyyədə olacaq, media nümayəndələri üzərilərinə düşən missiyanı müasir texnologiyaların yaratdığı imkanlardan maksimum istifadə etməklə uğurla yerinə yetirəcəklər”.

1news.az

Paylaş:
823

Son xəbərlər

Bütün xəbərlər

Next TV