“Azərbaycan vaksini gətirən və tətbiq edən ilk ölkələrdən sayılır” - Deputat
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasında yaradılan şəraitlə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibə verib.
Dövlət başçısı müsahibəsində koronavirus pandemiyası ilə mübarizə və vaksinasiya məsələlərinə də toxunub. Koronavirusla mübarizə üçün istehsal edilən vaksinin qeyri-ədalətli bölünməsinə diqqət çəkən İlham Əliyev bunu sərt şəkildə tənqid edib:
"İnkişaf etmiş ölkələr dünya əhalisinin 14 faizini təşkil edir. Halbuki inkişaf etmiş ölkələr bu günə qədər dünya vaksinlərinin 53 faizini sifariş ediblər. Yəni, bu, yenə də ədalətsizlik, qeyri-bərabərlikdir. “Moderna” vaksini var, səhv etmirəmsə, Amerika istehsalıdır. “Moderna” vaksininin 98 faizini zəngin ölkələr sifariş ediblər. “Pfizer” Avropa istehsalı vaksinidir. “Pfizer” vaksininin 96 faizini zəngin ölkələr sifariş ediblər. Yaxşı, bəs kasıb ölkələrin vətəndaşları nə etməlidirlər, xəstələnməlidirlər? Onlar xəstələnəndə onların ölmək ehtimalı daha böyükdür. Çünki o ölkələrdə səhiyyə sistemi inkişaf etmiş ölkələrdən müqayisəedilməz dərəcədə geridə qalıb. Ona görə, bax, bu məsələlər haqqında biz danışmalıyıq, bunu gizlətməməliyik. Ancaq bu məlumat açıq mətbuatda gedir, sanki ondan sonra unudulur. Çünki sərf etmir. Dünya mediasına rəhbərlik edən qurumlara sərf etmir. Çünki bu, o aktorların sözlərinin əməlləri ilə böyük fərqini göstərir.
Bir misal da gətirə bilərəm. Bu yaxınlarda verilən məlumata görə Kanada 154 milyon əhali üçün vaksinlər sifariş edib. Kanadanın əhalisi 38 milyondur. Yəni, bu ölkə, bu ölkənin hökuməti, hansı ki, Vətən müharibəsi zamanı sırf ermənipərəst mövqe sərgiləyirdi, işğalçıları dəstəkləyirdi, bizim haqq işimizə kölgə salmaq istəyirdi və hətta “Bayrakdar” pilotsuz uçuş aparatlarının kameralarının Türkiyəyə ixrac edilməsi ilə bağlı əsassız embarqo qoymuşdu. Həmin bu ermənipərəst ölkə 154 milyon vaksin sifariş edir, onun pulunu verir, öz ölkə əhalisinin sayı 38 milyondur. Yəni, dörd dəfə çox. Deməli, 120 milyona bu vaksin çatmayacaq. Onlar almayacaqlar, onlar xəstələnəcəklər, öləcəklər. Bunların vecinə deyil. Bunlar ancaq eqoist hisslərə qapılaraq öz maraqlarını təmin etmək istəyirlər. Belə olan halda hansı demokratiyadan söhbət gedə bilər? Hansı ədalətdən, mərhəmətdən, insan haqlarından söhbət gedə bilər? Deməli, kasıb ölkələrin insanlarının haqları tapdalanır, onların səhhəti, sağlamlığı risk altına düşür. Amma zəngin ölkələr öz maraqlarını artıqlaması ilə, o maraqların 4-5 mislini təmin etməklə, necə deyərlər, öz maraqlarını təmin edirlər".
Prezident İlham Əliyev Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi Azərbaycanın bu məsələdə səssiz qalmadığını və qalmayacağını da vurğulayıb:
"Bu, sadəcə olaraq, bu xəstəliklə bağlı olan məsələ deyil. Bunun çox dərin kökləri var və bu, təsadüfi deyil. Çünki bu dərin köklər bizi müstəmləkəçilik dövrünə aparır. Amma elə bil ki, biz neomüstəmləkəçilik dövrünü qeyri-rəsmi müşahidə edirik, yaxud da ki, elan edilməmiş müstəmləkəçilik, bunun başqa adı yoxdur. Belə olan halda bu ölkələrin mənəvi haqqı varmı kiməsə nəsə desin, kimisə nədəsə ittiham etsin? Bu, eqoizmdir, vicdansızlıqdır. Azərbaycan - Qoşulmama Hərəkatına sədrlik edən ölkə burada səssiz qalmır və qalmayacaq. Bu gün mən bu imkandan istifadə edərək Qoşulmama Hərəkatının üzvlərinə də çağırış edirəm ki, onlar da bizim səsimizə qoşulsunlar və biz bu məsələni beynəlxalq kürsülərdə, BMT kürsüsündə qaldırmalıyıq. Ümumdünya Səhiyyə Təşkilatına müraciət etməliyik, şirkətlərə müraciət etməliyik, zəngin ölkələrə müraciət etməliyik ki, bu ölkələr bu praktikadan əl çəksinlər. Bu, ədalətsizlikdir. Buna göz yummaq olmaz. Bunun üstünü örtmək olmaz. Bu barədə Azərbaycan BMT-dən sonra ikinci böyük təsisatın lideri kimi, öz sözünü bundan sonra da deyəcək".
Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib ki, Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizədə əhəmiyyətli işlər görülüb:
“Pandemiya hələ də dünyadan əl çəkməyib. Amma sevindirici hal ondan ibarətdir ki, son günlər, son həftələr Azərbaycanda gün ərzində Covid-19-a yoluxanların sayı sayı azalmaqdadır və sağalanların sayı yoluxanların sayını üstələyib. Eləcə də paralel olaraq gün ərzində həyatını itirirənlərin sayı da get-gedə azalmaqdadır. Əlbəttə, bütün bunların əsasında Azərbaycan dövlətinin, xüsusilə də Prezident cənab İlham Əliyevin tapşırıqları ilə Azərbaycanda ilk koronavirus xəstəsi müəyyən olunandan qabaqlayıcı tədbirlər görüldü. Bu gün məhz bu qabaqlayıcı tədbirlərin nəticəsidir ki, Azərbaycan digər, hətta inkişaf etmiş ölkələrlə müqayisədə bu bəlanın daha az itkilərlə qarşılamış oldu.
Ümumiyyətlə, 2020-ci ildə birbaşa cənab İlham Əliyevin özünün təşəbbüsü ilə dünyada koronavirus pandemiyasının yaratdığı problemlərlə əlaqədar sessiya çağırıldı. Bu sessiyada İlham Əliyev bütün dünyanı narahat edən problemləri qaldırdı və problemlərin çıxış yollarını müzakirəyə çıxardı. Cənab Prezidentimiz Azərbaycanda pandemiya ilə bağlı görülən işlərdən danışdı və görülən işlərin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müsbət qiymətləndirildiyini qeyd etdi. Eləcə də həmçinin Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın həyata keçirdiyi tədbirləri Azərbaycan modeli kimi digər dövlətlərə tövsiyə etdi. Azərbaycan dövləti insanpərvərlik, humanistlik prinsiplərinə sadiq qalaraq koronavirusun yaratdığı problemlərdən əziyyət çəkən bir çox dövlətə öz yardımı göstərdi. Bu baxımdan bu sessiya çox böyük əhəmiyyət kəsb etmiş oldu".
Deputat Azərbaycanın vaksini gətirən və tətbiq edən ilk ölkələrdən olduğunu bildirib:
"Koronavirusa qarşı artıq bir çox dövlətlərdə vaksinasiyaya start verilib. Artıq hamımıza məlumdur ki, yanvarın 18-dən Azərbaycanda əhalinin vaksinasiyasına start verilib. İlk növbədə həkimlər, hüquq-mühafizə orqanlarında işləyənlər, 65 yaşdan yuxarı olanların vaksinasiyası artıq başlanılıb. Lakin təəssüf ki, heç də bütün ölkələrdə bu sahədə vəziyyət ürəkaçan deyil. Cənab Prezidentin özünün də qeyd etdiyi kimi dünyada bu sahədə ədalətlilik və insanpərvərlik prinsipi pozulur. Yəni təsəvvür edin Amerika və Avropada istehsal olunan vaksinlərin haradasa 94-96 faizindən çoxu yüksək inkişaf etmiş ölkələr tərəfindən sifariş verilir və bu vaksinləri onlar almaqdadırlar. Cənab Prezident AzTV-nin müxbirinə verdiyi müsahibədə bu haqda geniş danışdı, misal olaraq da Kanadanı göstərdi. Azərbaycan və Türkiyəyə düşmən mövqedə duran bu ölkə əslində digər ölkə və xalqlara qarşı da öz çirkin niyyətlərini ortaya qoymuş oldu.
Təsəvvür edin ki, Kanada rəhbərliyi öz əhalisinin sayından 5 dəfə çox vaksin sifariş edir və pulunu da ödəyir. Başqa vaxt dünyada əmin-amanlıq, ədalət tərəfdarı kimi çıxış edən bu dövlətin əsl siması belə bir məqamda, dünya üçün ağır bir şəraitdə üzə çıxdı. Mən belə fikirləşirəm ki, bu dövlətin başçısının hərəkətləri bəşəriyyətə haqq-ədalət gətirmək deyil, güclü olduğunu və digər ölkələrə xalqlara meydan oxumaq anlamına gəlir.
Artıq Avropa dövlətləri arasında da vaksinlə bağlı böyük narazılıqlar yaranıb, Avropa İttifaqına daxil olan bir sıra güclü inkişaf etmiş ölkələr əhalisinin bir qismini vaksinasi etdirib, ancaq Avropa İttifaqına daxil olan digər ölkələr hələ də vaksin əldə edə bilməyib. Belə getsə yəqin yaxın vaxtlarda Avropa İttifaqında böyük problemlər yaranacaq. Şükürlər olsun ki, Azərbaycanda cənab Prezidentin gördüyü işlər, nəticələr göz qabağındadı”.
K.Əliyeva deyib ki, Azərbaycana ən keyfiyyətli vaksinlər gətirilib və istifadə edilir.
“Ümid edirəm ki, bu vaksinasiya insanların köməyinə gələcək və yoluxmaların sayının azalmasına gətirib çıxaracaq. Mən insanlarımızı yenə də ehtiyatı əldən verməməyə çağırıram, arxayınlaşmamalıyıq. Biz hələ də üç qızıl şərtə – tibbi maska istifadəsi, ara məsafəsinin saxlanılması və gigiyenik qaydalara riayət etməliyik. Ümidvaram ki, həm bu şərtlərə riayət etmək, həm də vaksindən bəhrələnmək bizi pandemiya bəlasında xilas edə biləcək”.
Qafar Ağayev












