Rusiyalı deputat: Ağdamda gördüklərim hərbi cinayətdir
“Mən sabah Rusiyaya qayıdacam. Sözsüz ki, burada gördüklərim barədə Dövlət Dumasındakı həmkarlarıma danışacam. Burada gördüklərim dəhşətlidir”.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Ağdamda səfərdə olan Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev bildirib.
D.Savelyev deyib ki, insanlar burada nə baş verdiyini görməlidirlər: “Tarixi abidələr dağıdılıb, biz indi bunları görürük. Bütün bunlar çox dəhşətlidir, burada gördüklərim barədə həmkarlarıma danışan zaman söz tapmaq da çətin olacaq. Mənə həmkarlarım bu barədə danışmışdılar, ilk dəfə fotoşəkillər göstərəndə bunun dəhşətli mənzərə olduğunu görmüşdüm. Ancaq bu mənzərəyə çanlı baxanda, sən emosiyanı çatdıra bilmirsən. Bu, elementar talançılıqdır, kanalizasiya borularını belə çıxarıblar”.
Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri qeyd edib ki, hər yerdə minaların olması ilə bağlı işarələr qoyulub: “Ermənistan rəhbərliyi minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina edir. Aydındır ki, bu minalar vaxtilə bu ərazini tərk etməyə məcbur olmuş insanların geri qayıtmasına mane olur. Bu addım açıq formada Ermənistan siyasi rəhbərliyindəkilərin əhval-ruhiyyəsini göstərir. Bu, tamamilə qeyri-konstruktiv addımdır”.
D.Savelyev deyib hazırda süh yolu ilə irəliləmək lazımdır: “Müharibə qurtarıb, əraziləri bərpa etmək, sülh şəraitində yaşamaq lazımdır. Ermənistanın iqtisadiyyatına baxın, insanlar ölkəni tərk edir, belə getsə, bu ölkədə heç kim qalmayacaq. İşğalla əlaqədar Ermənistan blokada vəziyyətində olub. İndi iqtisadi əməkdaşlığı inkişaf etdirmək, bu ərazilərdə həyatı yenidən dirçəltmək lazımdır. Buna görə də Ermənisandan konstruktiv sağlam addımlar gözləyirik. Bu ərazilərin hamısı minalardan təmizlənməlidir”.
Rusiyalı deputat nəzərə çatdırıb ki, bu gün Ağdamda gördükləri hərbi cinayətdir.