Media nümayəndələri “Azərxalça”nın Şabran, Quba və Xaçmaz filiallarında olublar - FOTOLAR | 1news.az | Xəbərlər
Cəmiyyət

Media nümayəndələri “Azərxalça”nın Şabran, Quba və Xaçmaz filiallarında olublar - FOTOLAR

12:34 - 26 / 05 / 2021
Media nümayəndələri “Azərxalça”nın Şabran, Quba və Xaçmaz filiallarında olublar - FOTOLAR

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşəbbüsü ilə bir qrup media nümayəndəsinin ölkənin şimal bölgəsinə səfəri təşkil olunub.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Səfərdə məqsəd tarixi keçmişimizi özündə yaşadan zəngin naxışları, keyfiyyəti ilə seçilən Quba xalçalarının toxunduğu bölgədə “Azərxalça” ASC-nin 3 filialını ziyarət edərək bu müəssisələr haqqında oxuculara geniş məlumat çatdırmaqdır.

İlk tanışlıq ölkə başçısının “Şabran rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən inşa edilərək 2018-ci ilin noyabr ayından fəaliyyətə başlamış “Azərxalça” ASC-nin Şabran filialından başlayıb. Bu filialda indiyə qədər 180-dən çox xalça istehsal edilib.

Bu bölgə Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biridir. Zərif və parlaq yunlu, yüksək sıxlığı olan, orijinal bədii tərtibatlı xovlu və xovsuz xalçalar yerli əhalinin məişət həyatının ayrılmaz hissəsinə çevrilib. Tarixən dünya alimlərinin, səyyahların diqqətini cəlb etmiş Quba qrupu xalçaları sarayların, şəxsi kolleksiyaların, məşhur muzeylərin bəzəyi olub. Bu bölgədə toxunan xalçaların üzərində öz əksini tapan müxtəlif formalı butalar, damğalar, gül, ağac, quş, əjdaha, nəzərlik, ulduz, ox kimi elementlər yerli əhalinin dünyagörüşünün, inanclarının təzahürü, bu yurdun tarixi keçmişinin yadigarıdır. Azərbaycan xalçalarının bütün qrupları üçün səciyyəvi olan ağ, qara, qırmızı, sürməyi, sarı, mavi, yaşıl və s. kimi rənglərin Quba qrupu xalçalarında yaratdığı ahəng xalça və xalça məmulatlarına təkrarsız gözəllik bəxş edir.

Jurnalistlərə məlumat verən filialın direktoru Kəbirə Vəlibəyova bildirib ki, xalça istehsalı emalatxanası zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə, çeşnilərlə təmin edilib. Emalatxana pandemiya dövründə 1 il fəaliyyətsiz qalıb. Hazırda buranın ümumi kollektivi 50 nəfərdən ibarətdir. Onlardan 44-ü toxucu xanımlar, 6 nəfər isə texniki işçidir. Xalçalar sifariş əsasında toxunulur. Onların üzərində Şabran, Quba, Xaçmaz çeşnilərindən istifadə edilir. Toxunma prosesi toxucudan asılı olaraq dəyişir. Xalçalar müxtəlif ölçülərdə toxunur. Standart ölçülərdə olan xalçanı tək və yaxud 4 nəfər toxucu birlikdə də toxuya bilir. Onlar “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə dərindən yiyələniblər. Toxucular bu işə həvəslə yanaşır, hər kəs daha yaxşı xalça toxumağa çalışır.

Qeyd edib ki, o , əvvəllər fərdi şəkildə xalça toxuculuğu ilə məşğul olub lakin dövlət tərəfindən bu sahəyə diqqət ayrılandan sonra emalatxanaya direktor təyin edilib: “Şabran xalçaçılığında hər kəndin öz dəst-xəti var. Bu bölgədə toxunan, öz keyfiyyəti ilə seçilən xalçaların əksəriyyəti məhz indiki Şabran rayonunun kəndlərində ərsəyə gətirilib. Xalçaların üzərində əsasən dəvə təsvirləri və özünəməxsus naxışlar, güllər əks olunur.

“Azərxalça” ASC tərəfindən təşkil olunan mediaturun növbəti ünvanı Quba filialı olub.

Belə ki, “Azərxalça” ASC-nin ilk filiallarından olan Qubadakı xalça istehsalı emalatxanası 2017-ci il dekabrın 7-də Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib.

Quba qədim ticarət yollarının, o cümlədən Böyük İpək Yolunun kəsişməsində yerləşdiyi üçün tarixboyu ticarət və sənətkarlıq mərkəzi olub. Etnoqrafik cəhətdən çox zəngin olan Quba xalçaçılıq ənənələrinin də yarandığı və inkişaf etdiyi bölgələrdəndir. Burada ayrı-ayrı kəndlərdə xalçaçılıq sənəti uğurla davam etdirilərək nəsildən-nəslə ötürülüb. Zərif və parlaq yunlu, yüksək sıxlığı olan, orijinal bədii tərtibatlı xovlu və xovsuz xalçalar yerli əhalinin məişət həyatının ayrılmaz hissəsinə çevrilib. Tarixən dünya alimlərinin, səyyahların diqqətini cəlb etmiş Quba xalçaları sarayların, şəxsi kolleksiyaların, məşhur muzeylərin bəzəyi olub. Quba bölgəsində toxunan xalçaların üzərində öz əksini tapan müxtəlif formalı butalar, damğalar, gül, ağac, quş, əjdaha, nəzərlik, ulduz, ox kimi elementlər yerli əhalinin dünyagörüşünün, inanclarının təzahürü, bu yurdun tarixi keçmişinin yadigarıdır. Azərbaycan xalçalarının bütün qrupları üçün səciyyəvi olan ağ, qara, qırmızı, sürməyi, sarı, mavi, yaşıl və s. kimi rənglərin Quba qrupu xalçalarında yaratdığı rəng ahəngi xalça və xalça məmulatlarına təkrarsız gözəllik bəxş edir.

Filialının direktoru Nəzakət Novruzova emalatxananın fəaliyyəti ilə bağlı məlumat verib.

Bildirilib ki, filialda 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb. Xalça istehsalı emalatxanası zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə, çeşnilərlə təmin edilib. Burada əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərinə xas olan tarixi və orijinal çeşnilər əsasında xalçaların toxunmasına üstünlük verilir. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında "Azərxalça"nın rəssamları tərəfindən hazırlanıb. Fəaliyyət göstərdiyi dövrdə Quba filialında qədim zamanlardan bu ərazidə yaradılmış Zeyvə, Pirəbədil, Qonaqkənd, Zeyxur, Çiçi, Qaraqaşlı, Şahnəzərli və başqa tarixi çeşnilər əsasında xalçalar toxunub.

N.Novruzova deyib ki, istehsal emalatxanası öz fəaliyyətini günü-gündən genişləndirir. Filialda peşəkar toxucular tərəfindən keyfiyyətli xalçalar toxunur. Toxucular işə həvəslə, maraqla yanaşırlar. Hər kəs daha tez və daha yaxşı xalça toxumaq üçün çalışır, öz işinə yaradıcı yanaşır. "Azərxalça"nın digər filialları kimi, Qubada da çalışanların əksəriyyəti gənclərdir. Təcrübəli toxucular tərəfindən onlara xalçaçılıq sənəti öyrədilir.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) filiallarından biri də Xaçmaz rayonunda fəaliyyət göstərir. “Azərxalça” ASC tərəfindən təşkil olunan mediaturun iştirakçıları Xaçmaz filialında da olublar.

"Azərxalça" ASC-nin Xaçmaz filialı 2018-ci il mayın 4-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Burada, əsasən, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərində toxunan tarixi və orijinal xalça çeşniləri əsasında xalçaların toxunmasına üstünlük verilir. Həmin çeşnilər qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanır.

Filialın direktoru Səlimə Hacıyeva emalatxananın fəaliyyəti ilə bağlı məlumat verib. Bildirib ki, ümumi sahəsi 1252,9 kvadratmetr olan filialın binası 0,37 hektar sahədə yerləşir. 48 toxucusu olan filialda hazırda 43 dəzgah var və onlardan yalnız 16-sı işlək vəziyyətdədir. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və sair bölmələrdən ibarətdir. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Toxucular Xaçmaz rayonunun ayrı-ayrı kəndlərinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Burada toxunan xalçalarda hər naxışın öz mənası var. Burada ən çox Quba bölgəsinə xas olan həndəsi elementlərdən istifadə olunur.

Diqqətə çatdırıb ki, xalçaçılığa maraq olduqca yüksəkdir. Ancaq pandemiya ilə əlaqədar olaraq işçilərin sayı azaldılsa da yaxın zamanlarda filialın ştat cədvəli artırılacaq və filiala yeni işçilər cəlb olunacaq

Qeyd edək ki, Azərbaycanda xalça toxuculuğu tətbiqi sənət növünün ən qədim sahələrindən biri hesab edilir. Ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu tunc dövründə, yəni, 5 min il bundan əvvəl meydana gəlib. Azərbaycan xalçası boyalarının tükənməz zənginliyi, naxışlarının təkraredilməz qovuşuğu, yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlığı ilə fərqlənir.

Xalçalarımız dünyanın ən məşhur muzeylərini bəzəyir. Xalçaçılıq böyük mədəniyyətə və qədim tarixi ənənələrə malik xalqlara məxsus sənətdir. Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ, Təbriz xalçaçılıq məktəbləri bütün dünyada məşhurdur. Bu zonalarda toxunan xalçalar ilmələrinin sıxlığına, rəng çalarlarına, üz ipliyinin xovuna, toxunuşuna və ornamentlərinə görə seçilir. Hazırda Azərbaycan xalça sənəti özünün əsl dirçəliş dövrünü yaşayır.

Paylaş:
888

Son xəbərlər

Bütün xəbərlər