“Kəlbəcərdə minaya düşüb həlak olan media nümayəndələri” - “Çıxışa doğru”da MÜZAKİRƏ

İşğaldan azad olunmuş bölgələrimizdə artıq bir müddətdir ki, Azərbaycan Televiziyası və Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-ın bir qrup əməkdaşı çəkilişlər aparır.
Növbəti çəkiliş üçün Kəlbəcərin Susuzluq kəndinə aparan avtobus hərəkət olan yolda tank əleyhinə minaya düşüb. Nəticədə Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın müxbiri 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov, RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar. Digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər. Onların arasında Azərbaycan Televiziyasının rejissoru Emin Məmmədov da var.
Həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik!
1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Kəlbəcərdə minaya düşüb həlak olan media nümayəndələri” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Milli Məclisin deputatı Nigar Arpadarai, hüquqşünas Şamil Paşayev, “Yeni Müsavat” qəzetinin parlament müxbiri, jurnalist Elşad Paşasoy və Demokratik Jurnalistlər Liqasının sədri, media eksperti Yadigar Məmmədli mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: