Dövlət qulluğu üzrə test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə iyunun 20-də keçiriləcək test imtahanına qeydiyyat davam edir.
DİM-dən 1news.az-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat iyunun 10-u saat 16:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək imtahana buraxılış vərəqəsində qeyd olunacaq. Bu gün saat 15:50-yə olan məlumata görə, imtahanda iştirak etmək üçün 1739 namizəd (BA - 483, BB - 1256) qeydiyyatdan keçib.
Xatırladaq ki, imtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet” yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı açılır. Həmin pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar və bu barədə DİM-in saytında ətraflı məlumat verilib. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.