FHN ötən sutkada beş nəfəri xilas edilib
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 86 halda yanğına çıxış, 1 yol-nəqliyyat hadisəsi və 5 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas edilməsi təmin olunub.
Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 5 nəfər, o cümlədən Kür çayının Yevlax şəhərindən keçən hissəsində nəzarətsiz ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib. Həmçinin 2 nəfərin meyiti aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində tədbirlər davam etdirilir.