Pakistanlı general: “Ölkənizə qarşı qərəzliliyə baxmayaraq, Siz ərazi bütövlüyünüzü bərpa etdiniz”
Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvan Prezidenti İlham Əliyev ilə görüşdə dövlətimizin başçısını ikinci Qarabağ müharibəsində tarixi Qələbə münasibətilə təbrik edib.
1news.az xəbər verir ki, Azərbaycanın Ermənistanı məğlub edərək ərazilərini geri qaytarmasını hər bir müsəlman, hər bir pakistanlı üçün möhtəşəm hadisə adlandıran Qamar Caved Bacvan deyib: “Ölkənizə qarşı qərəzliliyə baxmayaraq, Siz ərazi bütövlüyünüzü bərpa etdiniz. Sizi səmimi qəlbdən təbrik edirəm. İkincisi, mən qeyd etmək istərdim ki, 1993-cü ildə dostlarımdan biri Azərbaycana gəlmişdi və o zaman çox məyus olmuşdu. O, ötən il buraya səfər etdi və heyran oldu, dedi ki, görkəmli şəxsiyyət olan atanızın və Sizin rəhbərliyinizlə Azərbaycan son 30 ildə inkişaf edib. O qeyd etdi ki, bunu yüksək qiymətləndirir”.
Pakistanlı general deyib ki, Azərbaycan ilə Pakistanın ortaq tərəfdaşlarından biri də Türkiyədir: “Sizin “bir millət, iki dövlət” dediyiniz kimi, Türkiyə bizim də qəlbimizə çox yaxındır. Dünyada ən yaxın əlaqələrimiz Türkiyə ilədir. Hər üç ölkə arasında sıx əlaqələrin olması əməkdaşlığımız üçün hədsiz imkanlar açır. Bizim Azərbaycanda nəzərdən keçirəcəyimiz bir çox imkanlar var, iş adamlarımız buraya səfər edə bilərlər”.