Səhiyyə sahəsində çalışan 1500 şəxs peyvəndlə bağlı tədqiqata cəlb olunub
Səhiyyə sahəsində çalışan 1500 şəxs peyvəndlə bağlı tədqiqata cəlb olunub.
1news.az-a xəbər verir ki, bu barədə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev məlumat verib.
Onun sözlərinə görə, Bakı şəhəri üzrə səhiyyə müəssisələrində çalışan tibb və qeyri-tibb işçiləri bu tədqiqata cəlb olunublar. Tədqiqat yeddi tibb müəssisəsinin işçiləri arasında – Bakının 7, 15, 18, 23, 24, 26 və 29 saylı birləşmiş xəstəxanalarında aparılır:
"Səhiyyə müəssisəsində çalışan və COVID-19 xəstəliyinə qarşı peyvənd olunan 1500 əməkdaş razılıq formasını imzalayaraq tədqiqatda iştirak edirlər. Tədqiqat 12 ay ərzində aparılacaq. İştirakçılar ildə üç dəfə – layihənin əvvəlində, altı aydan və bir ildən sonra koronavirusa qarşı anticisimlərin mövcud olmasına dair seroloji testdən keçəcəklər. Artıq birinci mərhələ üzrə qan nümunələri toplamışıq və tezliklə testin ilk nəticələrini alacağıq".