“Hər bir vətəndaş Qarabağ Dirçəliş Fondunun təbiətimizlə bağlı çağırışını dəstəkləməlidir”

Bugünlərdə Qarabağ Dirçəliş Fondu “Qarabağı daha yaşıl bərpa edək” təşəbbüsü ilə çıxış edib.
Ermənilərin 30 illik işğal dönəmində Qarabağ və ətraf rayonlardakı maddi-mədəniyyət nümunələri, sosial obyektlər, infrastruktur və s. ilə yanaşı, həm də təbiəti məhv etdiyinə diqqət çəkən Qarabağ Dirçəliş Fondu, həmin rayonlarımızda təbiəti yenidən bərpa etmək, onu öz əzəli füsunkarlığına qovuşdurmaq üçün insanları aktiv olmağa, Qarabağın yaşıllaşdırılması təşəbbüsünə dəstək verməyə səsləyib. Erməni faşizminin məhv etdiyi Qarabağ təbiətinin bərpasına dəstək vermək istəyən hər bir vətəndaşın sadəcə Qarabağ Dirçəliş Fonduna ianə etməsi kifayətdir.
1news.az xəbər verir ki, moderator.az-a açıqlamasında Qarabağ Dirçəliş Fondunun bu təşəbbüsünü dəstəkləyən Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, hər bir vətəndaşın bu məsələdə aktiv iştirakına ciddi ehtiyac olduğunu bildirib:
“Təbii ki, Qarabağımızın təbiətinin bərpa edilməsində hər bir vətəndaşımızın iştirakı arzuedilən və vacibdir. Qarabağ bizim vətənimiz, torpağımızdır. Ermənilər 30 il ərzində bu torpaqlarımızdakı hər şeyi, o cümlədən təbiəti məhv edib. Meşələr qırılıb, su hövzələri zəhərlənib, torpaq müxtəlif tullantılarla çirkələndirilib. Bu gün həmin təbiətin bərpa edilməsi bizim qarşımızda duran əsas məsələlərdən biridir.
Mən Qarabağ Dirçəliş Fondunun bu təşəbbüsünü alqışlayıram. Hesab edirəm ki, insanlarımız bu təşəbbüsü ciddi şəkildə dəstəkləməli, bunun sadəcə bir təşəbbüs olaraq qalmasına imkan verməməlidir. Təbiətimizi bərpa etmək, onu yaxşılaşdırmaq, gözəlləşdirmək bizim hər birimizin borcudur. Hər kəs imkanı daxilində Qarabağ Dirçəliş Fondunun bu təşəbbüsünü dəstəkləməlidir.
Mən belə gözəl, nəcib təşəbbüs irəli sürdüyü üçün Qarabağ Dirçəliş Fondunu təbrik edirəm. Bu, çox ciddi və faydalı bir təşəbbüsdür. Bu təşəbbüsün dəstəklənməsi, həyata keçirilməsi doğma Qarabağımızın təbiətinin yenidən bərpasına xidmət edəcək . İnanıram ki, vətəndaşlarımız bu prosesdə yaxından iştirak etməklə Qarabağımız təbiətinin bərpası prosesinə öz töhfələrini verəcəkdir”.
1news.az