“Yoluxmanın artması qapanmaların olmasını qaçılmaz edir”- Əhaliyə CİDDİ XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

“Yoluxmanın artması qapanmaların olmasını qaçılmaz edir”- Əhaliyə CİDDİ XƏBƏRDARLIQ

17:21 - 11 / 08 / 2021
“Yoluxmanın artması qapanmaların olmasını qaçılmaz edir”- Əhaliyə CİDDİ XƏBƏRDARLIQ

Məlumdur ki, bir çox qadağaların götürülməsi, kütləvi tədbirlərin keçirilməsi, kafe və restoranların, ticarət mərkəzlərinin fəaliyyətinin bərpa olunması koronavirusun yenidən alovlanmasına səbəb olub. Elə buna görə də son günlər koronavirusa yoluxmanın sayında artım qeydə alınır. Bu da təbii ki, əhali arasında yenidən qapanmaların olması fikrini yaradır.

Ekspertlər hesab edir ki, rəqəmlər artan dinamika ilə gedərsə, karantin yenidən sərtləşəcək.

Bəs görəsən həqiqətənmi ölkədə pandemiyanın yeni dalğası olacaq? Karantin qaydaları yenidən sərtləşəcək? 1news.az olaraq böyükdən-kiçiyə hər kəsi maraqlandıran bu və ya digər suallara cavab axtarmağa çalışdıq.

Mütəxəssislər bildirirlər ki, yoluxmanın sürətlə artması bəzi vətəndaşların məsuliyyətsizliyi üzündən baş verir. Onların fikrincə, bəzi vətəndaşlar nəinki tibbi maskadan düzgün istifadə etmirlər, hətta sosial məsafəni də qorumurlar.

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist Sədrəddin Atakişizadə deyir ki, insanlar bu virusun yeni ştamlarının region ölkələrində yayılmasını nəzərə alıb, daha tədbirli olmalıdırlar. Xüsusilə yoluxmanın artdığı bir vaxtda əsas köməkçi vasitə vaksinasiyadır. Çünki vaksin olunan şəxslər əksər hallarda yoluxmanı çox zəif simptomlarla keçirir.

Həkim-infeksionist onu da əlavə etdi ki, reanimasiyada müalicə alan xəstələrin də sayı ötən aylara nisbətən artıb. Onlar da vaksin vurdurmayanlardır.

Məsələ ilə bağlı Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, ekspert Xəyal Bəşirovun da fikirlərini öyrəndik. Ekspert hesab edir ki, koronavirusa yoluxanların sayının artması, cəmiyyət və dövlət olaraq bizi həyəcan təbili çalmağa vadar edir:

“Vətəndaşlarımız qaydalara ciddi riayət etməlidirlər ki, bu rəqəmlər artmasın. Əks təqdirdə qapanmanın olması məcburiyyəti yaranacaq. İnsanlar özlərini qorumalıdırlar. Biz bəzi insanların məsuliyyətsizliyi üzündən ötən il bu vəziyyəti yaşadıq. Özümüzü qorumasaq , o zaman dövlət bizi qorumaq üçün ən son variant kimi sərt qapanmalara gedə bilər. Əgər biz bunu istəmiriksə, mütləq könüllü iradəmiz əsasında tibbi maskalardan istifadə etməliyik, karantin qaydalarına ciddi əməl etməliyik, könüllü olaraq vaksin olunmalıyıq. Bu koronavirusla ciddi mübarizənin yeganə yoludur”.

Elə millət vəkili Elman Nəsirov da belə deyir. Onun fikrincə, virusa yoluxmanın kəskin xarakter alması çox ciddi haldır.

“Biz karantin rejimində yaşadığımızı unutmamalıyıq!.Yoluxma səviyyəsi artarsa, karantin rejiminin sərtləşməsi ilə bağlı addımlar atılacaq. Yumşalmalara yalnız və yalnız rəqəmlər azaldıqda gedildi. Hazırda isə yoluxmada artım qeydə alınmaqdadır. Bu da o deməkdir ki, arzuolunmayan ssenarilər işə düşə bilər. Buna görə də vaksinləşmə prosesinə ciddi yanaşılmalıdır”.

Vaksinasiya məsələsinə toxunan millət vəkili əlavə etdi ki, ölkə rəhbərinin vaxtında və düzgün atdığı addım sayəsində bu gün ölkə vətəndaşlarının peyvənd olunmaları üçün yetərincə vaksinimiz var:

“Əhalinin 70 faizi peyvəndləndiyi təqdirdə, biz pandemiyaya qarşı müsbət nəticələr əldə edə bilərik. Bu prosesdən kənarda qalmamalıyıq. Sevinməliyik ki, kifayət qədər peyvəndimiz var. Ancaq buna baxmayaraq, müəyyən insanlar bu prosesdən yayınmaq istəyir. Bundan başqa dezinformasiyalar yayırlar. Özləri ilə yanaşı ətrafındakılara da bu prosesdə iştirak etməyə mane olurlar”.

Elə sakinlər də öz müsahibələrində dolayısı ilə də olsa, bu fikri təsdiqləmiş oldular.

Güllü Qədimli-sakin: “Mən avtobusda, metroda maska taxa bilmirəm, yaşlı adamam, nə edim?”

Elnur Əyublu-sakin: “Dəqiqə başı əl yumaq olur? Buna vaxt və səbr lazımdır”.

Vüsalə Ağayeva-sakin :“İnanın ki, maskasız gəzmirəm, spirti əlimdən bir saniyə də olsa yerə qoymuram. Özümə görə yox, evdə yaşlı anam var. Özü də şəkər xəstəsidir. O, yoluxsa ölə bilər. Amma görürəm ətrafımda bəzilərinin laqeyid münasibətini və dəli oluram az qala. Biz buna birlikdə qalib gəlməliyik. Təbii ki, qaydalara əməl edərək”.

Etibar İbrahimov-sakin: “Evdə azyaşlı körpəm var. Sırf ona görə ən yaxın qohumumla belə rastlaşanda görüşmürəm. Elə uzaqdan-uzağa salam, sağol. İnciyirlər inanın. Amma bu məni qəti maraqlandırmır. Əsas mənim körpəmdir, o yoluxsa vəssalam. Görürəm də ətrafda dost, tanışı. Maska taxmırlar, danışanda bir-birinin ağzına girirlər. Olmaze belə, vallah olmaz”.

Rüstəm Məlikov-sakin:”Virus yoxdur, hamı boş-boş söhbətdir. Nə virus?”

Məlum olduğu kimi, pandemiya başlayandan nə qədər insan virusun qurbanına çevrilib. Buna baxmayaraq hələ də virusun olmadığını düşünənlər var. Bu gün ölümlə-qalım arasında mübarizə aparan, həyatı süni nəfəs aparatından asılı olan vətəndaşların əksəriyyəti də bir zamanlar elə belə düşünürdülər. Hazırda isə onlar soyuq divarlar arasında yaşamaq uğrunda canları ilə əlləşirlər.

Onu da qeyd edək ki, hazırda ölkədə 12 518 aktiv koronavirus xəstəsi var. Bu günə qədər xəstəlikdən 5 072 nəfər vəfat edib.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, sentyabrın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, eləcə də bir çox işçilərin azı 80 faizinin COVID-19-a qarşı birinci dozanın, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək. Eləcə də yaşı 18-dən yuxarı olan bütün tələbələrdən COVID-19 pasportunun olması tələb ediləcək. Bundan başqa, yaşı 18-dən yuxarı olan şəxslərin qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.

Unutmayın ki, özümüzü qorumaqla doğmalarımızı, doğmalarımızı qorumaqla isə cəmiyyətimizi qoruyuruq. Cəmiyyət sağlam olmalıdır ki, gələcəyimiz də sağlam olsun!

Aytən Sakitqızı

Paylaş:
452

Son xəbərlər

Bütün xəbərlər