“Qazilər” çimərliyində təhlükəsizlik qaydalarına niyə əməl olunmur? - FHN-dən AÇIQLAMA
Artıq yay mövsümü başa çatmaq üzrədir. Buna baxmayaraq havaların isti keçməsi səbəbindən sərinləmək üçün çimərliklərə üz tutanların sayı kifayət qədər çoxdur. Təəssüf doğuran məqam isə ondan ibarətdir ki, hər il olduğu kimi ölkə çimərliklərindəki problemlər, demək olar ki, öz həllini tapmayıb.
Çimərliklərdə dəniz suyunun çirkli olması problemi ilə yanaşı, Xəzərin sahilində ictimai çimərliklərin sayının getdikcə azalması, özəl, pullu çimərliklərin isə əksinə, sayının artması problemli məsələ olaraq qalmaqdadır. Baxmayaraq ki, hələ əvvəlki illərdə belə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamenti paytaxtdakı çimərlik ərazilərinə və sahilyanı zonalara girişin pulsuz olması barədə dəfələrlə açıqlama verib. Elə çox az hallarda özəl çimərliklər bu qaydaya əməl edir. Bu azmış kimi, özəl və ictimai çimərliklərə nəzarət edənlər qanunsuz olaraq öz məkanlarına qapılar, şlaqbaumlar yerləşdirir. Nəticədə ictimai çimərliklər gözlə görünəcək dərəcədə azalır və istirahət etmək istəyənlər məcbur olaraq özəl çimərliklərə üz tutur. Lakin bu "özəl" çimərliklərdə də vəziyyət ürəkaçan deyil. Ərazidə od tutub yanan qiymətlər bir yana, bir də belə çimərliklərin bəzilərinin çimmək üçün qadağan olunmuş yerlərdə yaradılması da ayrı problemdir.
Çimmək üçün təhlükəli sayılan və qadağan edilmiş pullu çimərliklərdən biri də Mərdəkan ərazisində "Qazilər" adı altında fəaliyyət göstərir. Bu çimərlikdə son bir ay ərzində boğulma hallarının çox olması diqqəti cəlb edir. Əraziyə nəzər yetirdikdə burada istirahət edən insanların təhlükəsizliyi üçün nə FHN əməkdaşlarının, nə də Təcili Tibbi Yardım briqadasının olduğu görünür.
Məsələ ilə bağlı FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət mayoru Aqşin Əlili ilə əlaqə saxladıq. Şöbə rəisi bildirdi ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Bakı şəhəri, Abşeron rayonu və ölkənin digər şəhər və rayonlarında mövcud olan və dövlət tərəfindən nəzərdə tutulan çimərliklərdə təhlükəsizlik tədbirlərini həyata keçirir:
“Xidmətin dislokasiya ərazisində olmayan çimərliklərdə, insanların sularda təhlükəsizliyinin təmin olunması, çimərlik operatorları sahibkarlar tərəfindən həyata keçirilməlidir. Həmçinin qeyd etdiyiniz Mərdəkan ərazisində "Qazilər" adı altında fəaliyyət göstərən çimərlik Xidmətin nəzarət etmədiyi ərazidə fəaliyyət göstərir. Bununla bağlı yerli İcra orqanlarını iştirakıyla bütün özəl çimərliklərdə olduğu kimi, Mərdəkandakı "Qazilər" çimərliyində də monitorinqlər keçirilib. Monitorinq zamanı, insanların sularda təhlükəsizlik qaydalarını özündə ehtiva edən bildirşlər çimərlik operatoruna təqdim edilib. Lakin daha sonrakı monitorinqdə həmin çimərlikdə heç bir təhlükəsizlik tədbirlərinin görülmədiyi aşkarlanıb. Bununla bağlı Xəzər rayon İcra Hakimiyyəti başısına müvafiq məktub da ünvanlanıb”.
Amma təəssüf doğuran məqam isə İcra Hakimiyyətinin məlum məsələyə biganə yanaşmasıdır. Məhz buna görə də Xəzər rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Başçının köməkçisi Xəlfə İbrahimov İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanovla əlaqə saxlamağımızı bildirdi. Adıçəkilən şəxsin əlaqə nömrəsini istədikdə isə “Mən sizə nömrə verə bilmərəm” dedi. Biz 4-cü hakimiyyət olduğumuzu unudan Xəlfə bəy nömrə verməkdən imtina etsə də biz nömrəni tapıb Gülbala Qurbanovla əlaqə saxlamaq istəsək də zəngimizə cavab verilmədi. Məcbur qalıb İcra Hakimiyyətinin saytında qeyd edilən şəhər nömrələri ilə əlaqə saxladıq. Baxmayaraq ki, nahar fasiləsi zamanı deyildi, zənglərimizə cavab verən olmadı. Məlum oldu ki, nömrələr sayta gözdən pərdə asmaq üçün yerləşdirilib. Bu da ayrı mövzu.
Xəzər rayon İcra Hakimiyyətinin məsələyə nə qədər məsuliyyətli yanaşdığını bilməsək də, təkcə onu deyə bilərik ki, 44 günlük Vətən müharibəsində canını, bədən üzvlərini qurban verən qazilərimizin adını daşıyan çimərlikdə hələ də təhlükəsizlik tədbirlərinin görülməməsi elə qazilərimizə biganəliyin göstəricisidir. Necə deyərlər, gözlə görülən kəndə bələdçi lazım deyil!
Aytən Sakitqızı












