Şagirdlər maska taxmalıdırmı? - Ekspertlərdən vacib AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Şagirdlər maska taxmalıdırmı? - Ekspertlərdən vacib AÇIQLAMA

14:09 - 08 / 09 / 2021
Şagirdlər maska taxmalıdırmı? - Ekspertlərdən vacib AÇIQLAMA

“Şagirdlərin məktəbdə maska taxması məcburi deyil” - Xəbər verdiyimiz kimi bu fikirlər ötən gün Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə yeni tədris ilinin təşkili ilə bağlı keçirilən brifinqdə səsləndirildi. Xüsusilə qeyd edildi ki, uşaqların məktəbdə maska taxması qərarı yaşından asılı olmayaraq onların valideynlərə məxsusdur. Bununla bağlı nazirlik tərəfindən hər hansı məcburiyyət yoxdur.

Təbii ki, koronavirus infeksiyasının geniş yayıldığı bir dövürdə bu qərarın valideynlərin öhdəsinə buraxılması virusun yayılma riskini sürətləndirmiş olur, desək yanılmarıq. Əgər valideyn istəmirsə, övladı məktəbdə maska taxmayacaq. Belə olan halda da virus necə lazımdır tuğyan edəcək. Məsələ ilə bağlı həkim-infeksionist Badam Nəcəfovanın fikirlərini öyrəndik.

Həkim bildirdi ki, tibbi masaka infeksiyanın yayılma riskini azaldır. İnsanı qarşısındakı birinin asqırması, öskürməsi kimi təhlükələrdən sığortalayır. Bundan başqa əlavə etdi ki, əgər maska tibbi göstərişlidirsə, mütləq şəkildə hava-damcıdan qoruyucu xüsusiyyətə malikdir. O ki, qaldı məktəbdə şagirdlərin maska taxma məsələsinə, həkim xüsusilə vurğuladı ki, valideynlər birmənalı olaraq anlamalıdırlar ki, artıq virus uşaqlara belə yoluxur:

“Belə olan halda da onlar öz övladlarına məktəbdə maska taxmaq qaydasını aşılamalıdırlar. Bu ilk növbədə onların övladlarının sağlamlığı üçün vacibdir. Yaxşı olar ki, hər bir valideyn övladını məktəbə yola saldıqda onun çantasına əlavə olaraq ehtiyat üçün maska qoysun. Çünki virusa yoluxmamaq üçün taxılan maska hər 2 saatdan bir dəyişdirilməlidir”.

Təhsil eksperti İlqar İbrahimov isə düşünür ki, şagirdlərin dərs prosesində tibbi maska taxması onların fikrini yayındıra bilər:

“Bilirsiniz ki, tibbi maska virusdan qoruyur, amma dərs danışarkən tibbi maskanın taxılması məqsədəuyğun deyil. Çünki şagird dərsi danışdıqda, onsuz da nəfəs daralması baş verir. Hələ nəzərə alsaq ki, ağzında tibbi maska var, bu onu daha da qıcıqlandıracaq və nəticədə o dərsə deyil, bütün fikrini maskaya yönələndirəcək. Amma bunun fonunda tənəffüs zamanı və ya müəllim dərsi izah etdikdə şagirdin maska taxması normaldır”.

Aytən Sakitqızı

Paylaş:
439

Son xəbərlər

Bütün xəbərlər