Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub - YENİLƏNİB
Koronavirusa yoluxduğuna görə "Yeni Klinika” Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, sənətçinin vəziyyəti ağırdır.
"Yaqub Zurufçunun ağciyərlərində COVID-19-la bağlı iki tərəfli pnevmoniya, ciyərlərində 80 % buzlu şüşə aşkarlanıb, hipoksemik tənəffüs çatışmazlığı var. Qeyri invaziv süni tənəffüs aparatı dəstəyindədir", - xəstəxanadan bildirilib.
14:26
Müğənni Yaqub Zurufçunun vəziyyəti ağırdır.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə koronavirusa yoluxmuş müğənninin müalicə olunduğu “Yeni Klinika”dan məlumat verilib.
Klinikadan bildirilib ki, müvafiq zəruri tədbirlər görülməsinə baxmayaraq, xəstənin vəziyyəti çox ağırdır.
14:08
Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu reanimasiyaya yerləşdirilib.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə onun həyat yoldaşı Aynur Zurufçu məlumat verib.
Onun sözlərinə görə, 65 yaşlı sənətçi bir həftə əvvəl koronavisrusa yoluxub və "Yeni Klinika"ya köçürülüb: "Yaqub bəyin vəziyyəti hazırda ağırlaşıb. Məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir. Prezidentin köməkçisi Anar Ələkbərov da məsələni diqqətdə saxlayır. Millət vəkili Qənirə Paşayeva da tez-tez zəng edib vəziyyəti ilə maraqlanır. Hər kəs diqqət göstərir, amma vəziyyəti ağır olaraq qalmaqda davam edir”.
A.Zurufçu bildirib ki, Əməkdar artist dünən intensiv şöbəyə köçürülüb: “Analiz vermişdi, cavab pozitiv çıxandan sonra xəstəxanaya yerləşdirildi. Bir həftə palatada qaldı. Orada vəziyyəti ağırlaşdığından reanimasiyaya yerləşdirilib. Dünən axşamdan etibarən reanimasiya şöbəsindədir. İntensiv şöbədə olanda həkimlər dedi ki, bu xəstəliyin dünyanın hər yerində müalicəsi eynidir. Yaqub bəyin ürəyi zəifdir. Əgər iynələrə tab gətirsə, sağalmaq ehtimalı var”.