“Yeni Klinika”: Yaqub Zurufçunun vəziyyətində pisləşmə müşahidə olunur – YENİLƏNİB
Koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun vəziyyətində dünəndən pisləşmə müşahidə olunur.
1news.az-ın verdiyi xəbərə görə, bunu "Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.
Onun sözlərinə görə, bu da əsasən kəskin böyrək çatışmazlığı ilə bağlıdır: "Bu məqsədlə ona hemodiyafiltrasiya dediyimiz fasiləsiz böyrək əvəzedici terapiya başlanıb".
10:13
Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, Əməkdar artistin həyat yoldaşı Aynur Zurufçu bildirib ki, sənətçinin vəziyyəti stabil ağır olaraq qalır.
“Vəziyyətində heç bir dəyişiklik yoxdur. Həkimlər ötən gecə başının üstündə olublar, durumunu izləyiblər. Dünən ürəyində aritmiya olub. Bu gün normala düşüb və vəziyyəti stabil ağır olaraq qalır”, - o qeyd edib.
Qeyd edək ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub. Həkimlər Y.Zurufçunun vəziyyətini ağır qiymətləndirirlər.