Ölkədə çörəyin bahalaşmasının qarşısını necə almaq olar? - Ekspert rəyi
Məlumdur ki, son iki gündə ölkəmizdə bir-birinin ardınca iki əsas və vacib hesab edilən məhsullar - benzin və çörəyin qiyməti qəfil qalxdı.
1news.az xəbər verir ki, ekspertlərin fikrincə, ölkə daxilində adıçəkilən məhsulların qiymətinin artmasına səbəb onların dünya bazarındakı qiymətindən birbaşa asılıdır. Belə ki, çörəyin qiymətinin artmasına səbəb qeyd edilən kimi ölkəmizə idxal olunan ərzaqlıq buğdanın qiymətinin artmasıdır. Dünya bazarında da buğdanın qiyməti gün keçdikcə daha da bahalaşır. İqtisadçı-ekspert Pərviz Heydərov 1news.az-a açıqlamasında bildirdi ki, ərzaq buğdasının qiymətinin bahalaşması indi deyil, ötən ilin qışından başladı:
“Hələ ötən il dekabr-yanvar aylarında ixracatçı ölkələr idxalçı ölkələrə ciddi xəbərdarlıq etdi ki, qiymətlər bahalaşacaq, ixrac həcmləri azalacaq. Bu gözlənilən idi və baş verdi”.
Bəs görəsən bu artımın qarşısı necə alına bilər?
Digər müsahibim iqtisadçı-ekspert Eldəniz Əmirov 1news.az-a açıqlamasında bildirdi ki, un məmulatlarının qiyməti ilə bağlı qərarda dəyişiklik olundu:
“Un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına verilən subsidiyanın hesablanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı sərhəddi 520 manat, un istehsalçısının ölkədaxili xərclər də daxil olmaqla marjası bir ton unun topdansatış qiymətinin yuxarı həddinin 25 faizi həcmində (130 manat) müəyyən edilib. Bu çörəyin qiymət artımının qarşısını bir müddət ala bilər.
Amma daha etibarlı mexanizm üçün yerli buğda istehsalının həcminin artırılması çox vacibdir. Bunun üçün kənd təsərrüfatında yetərli potensial da mövcuddur. Amma bu gün bu potensialın və resursların xeyli hissəsi rentabelsiz kənd təsərrüfatı məhsullarının istehsalına sərf edilir. İş burasındadır ki, həmin məhsullar heç öz seqmentasiyası üzrə ciddi lazımı effekt də verə bilmir. Buna görə də bu məsələyə mütləq yenidən baxmaq, daha dəqiq düşünülmüş bölgü tətbiq etmək lazımdır”.
Aytən Sakitqızı