Nərimanov rayonunda daha bir küçə əsaslı şəkildə təmir olunub - FOTO
Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrini əhatə edən təmir-tikinti işləri davam etdirilir.
1news.az xəbər verir ki, bu çərçivədə Nərimanov rayonu ərazisində ümumi uzunluğu 10.5 km olan 15-dən artıq küçə və yolun təmiri işləri aparılır.
2021-ci ilin İnvestisiya Proqramına uyğun rayon ərazisində təmiri nəzərdə tutulan küçələrdən biri Mirzə Uluqbəy küçəsi idi ki, artıq agentlik tərəfindən sözügedən küçə əsaslı şəkildə təmir olunub.
Uzunluğu 630 metr təşkil edən küçənin uzun müddət təmir edilməməsi hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Aparılan yenidənqurma işləri zamanı küçə boyu asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, üzərinə tamet daşlar döşənib, küçə boyu hər bir tərəfdə yeni səki daşları düzülüb, xüsusi parkinq yerləri yaradılıb.
Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.
Küçə boyu aparılan yenidənqurma çərçivəsində yaşıllaşdırma və abadlıq işləri də icra olunub.
Daha sonra küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənib, küçə zəruri yol nişanları, üfiqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Təmir işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və tərtib olunmuş qrafikə uyğun şəkildə agentliyin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilib.
Qeyd edək ki, cari il ərzində rayon ərazisində Mirzə Uluqbəy küçəsi də daxil olmaqla ümumi uzunluğu 3.3 km olan Arif Hacıyev, Fərid Əhmədov, Şahmar Ələkbərov, Malik Məmmədov və Möhsün Sənani küçələri təmir edilib.
Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun Nərimanov rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Xatırladaq ki, ölkə başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nərimanov rayonu ərazisində 20 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.