“Fiziki aktivlik infarkt və insultun qarşısını alır” – Həkim məsləhəti | 1news.az | Xəbərlər
Cəmiyyət

“Fiziki aktivlik infarkt və insultun qarşısını alır” – Həkim məsləhəti

13:58 - 29 / 09 / 2021
“Fiziki aktivlik infarkt və insultun qarşısını alır” – Həkim məsləhəti

Bu gün 29 sentyabr Ümumdünya Ürək Günüdür.

Hazırda ürək-damar xəstəlikləri dünyada ölümün və əlilliyin əsas səbəblərindən biri sayılır və həmin xəstəlik hər il 17 milyondan çox insanı həyatdan aparır. Ürək-damar xəstəlikləri və insultun yaranmasının risk amilləri qan təzyiqinin yüksəlməsi, qanda xolesterin və qlükozanın miqdarının artması, siqaret çəkmək, artıq çəki, piylənmə və fiziki hərəkətsizlik, meyvə və tərəvəzlərlə qidalanmanın azlığıdır.

Yeri gəlmişkən, ürək-damar xəstəliklərinin inkişafına gətirib çıxaran səbəb uşaq və yeniyetmə yaşında formalaşan qeyri-sağlam həyat tərzidir. Ona görə də xəstəliyin profilaktikasına uşaq vaxtlarından başlamaq lazımdır.

Mərkəzi Gömrük Hospitalının kardioloqu Günay Məmmədova Ümumdünya Ürək Günü çərçivəsində fiziki aktivliyin ürəyə olan faydaları barədə məlumat verib. Həmin məlumatları təqdim edirik.

Fiziki fəallığınız infarkt və insultun qarşısını alır

Fiziki aktivlik infarkt və insultun qarşısını almaq üçün edə biləcəyiniz ən yaxşı vasitələrdən biridir. Aktiv olmaq sağlam həyat tərzinin bir hissəsidir. Faydalı qidalar yemək, siqaret çəkməmək və çəkini normada saxlamaq ürək sağlamlığınızı təmin etməyin başqa yollarıdır və bütün bunlar infarkt və ya insultun qarşısını almağa kömək edir.

Aktiv deyilsinizsə, sizdə ürək xəstəliyi (buna koronar arteriya xəstəliyi də deyilir) riski daha yüksəkdir. Fiziki fəaliyyəti həyatınızın bir hissəsi etmək üçün heç zaman nə tez, nə də gec deyil. Sağlamsınızsa, bu, ürəyinizi mümkün qədər sağlam saxlamağa kömək edə bilər. Əgər infarkt və ya insult keçirmisinizsə, aktiv olmaq başqa bir xəstəliyin qarşısını almaq üçün çox vacibdir.

Aktiv olmaq ürək üçün faydalıdır

Aktiv olmaq bir çox cəhətdən ürəyinizin və qan damarlarınızın sağlam olmasına kömək edir. Fiziki aktivlik nəticəsində aşağıdakıları əldə etmək mümkündür:

· "Yaxşı" (HDL) xolesterol səviyyəsini artırmaq

· Arıqlamaq və ya sağlam çəkidə qalmaq

· Aşağı qan təzyiqi

· Qan şəkərinə nəzarət.

Əgər infarkt keçirmisinizsə, nizamlı fiziki fəallıq ürəyinizə kömək edə bilər. Fərqli koronar arteriyaları birləşdirən kiçik damarların sayını artıra bilər. Bunlara kollateral qan damarları deyilir. Böyük koronar arteriyalardan biri qəfil tıxanarsa, bu rezerv qan damarları ürək əzələsinin infarkt təhlükəsi altında olan hissəsini qanla təmin etmək üçün alternativ bir yol kimi xidmət edir.

Fiziki fəallığın başqa faydaları da var

Aktiv olmaq ürəyinizi sağlam tutmaqla kifayətlənmir. Bədəninizi və zehninizi də sağlam saxlayır.

Daimi məşqlərin əlavə faydaları bunlardır:

· Psixi sağlamlıq və stressdən azad olmaq

· Əzələ gücünün artması, faydalı məşqlərə qaçış və ya ağırlıq daşıyan məşqlər daxildir.

Ürəyinizin daha çox hərəkət etməyinizə hazır olduğundan əmin olun

Fiziki aktivliyə başlamazdan əvvəl həkiminizlə danışın. Koronar arteriya xəstəliyi diaqnozu qoyulubsa, uzun müddətdir aktiv deyilsinizsə, şəkərli diabet və ya digər ürək, ağciyər və ya metabolik xəstəlikləriniz varsa, həkiminizlə məsləhətləşmək çox vacibdir.

Həkiminiz ürəyinizə kömək edəcək və sizin üçün təhlükəsiz olan fəaliyyətləri seçməyinizə kömək edə bilər.

Bir çox fiziki fəaliyyət növləri ürək sağlamlığına kömək edir

Daha aktiv olmaq çətin deyil. Nəbzinizi artıran hər hansı bir fəaliyyət ürəyinizə kömək edə bilər. Gəzmək, velosiped sürmək, üzmək və ya rəqs etmək kimi zövqünüzə uyğun bir şey edin.

Sağlam olmaq və sağlam qalmaq üçün özünüzə uyğun bir səviyyədə fiziki fəallıq göstərin – orta və ya güclü.

Həftədə ən azı 2½ saat orta fəaliyyət. Bunun bir yolu, həftədə ən azı 5 gün, gündə 30 dəqiqə aktiv olmaqdır. Orta fəaliyyət, sürətli gəzinti, sürətli velosiped sürmə və ya bal rəqsi kimi aktivlik deməkdir. Bura nəbzinizi artıran gündəlik işlər də daxil olmaqla, hər hansı digər fəaliyyət aid edilə bilər. Bu cür fəaliyyət zamanı ürəyinizin daha sürətlə döyündüyünü görürsünüz.

Həftədə ən az 1¼ saat güclü fəaliyyət. Bunun bir yolu, həftədə ən azı 3 gün, gündə 25 dəqiqə aktiv olmaqdır. Güclü fəaliyyət, qaçış, sürətli velosiped sürmə və ya xizək sürmə kimi aktivlik deməkdir. Bu cür fəaliyyət zamanı tez-tez nəfəs alırsınız və ürəyiniz daha sürətlə döyünür.

Riskinizi azaltmaq üçün orta hesabla 40 dəqiqə aerobik fəaliyyət göstərməyə çalışın. Həftədə ən azı 3 və ya 4 dəfə bunu etməyə çalışın. Aerobik məşqlər (sürətli gəzinti, qaçış, üzgüçülük, velosiped sürmək) çox faydalıdır.

Həyat tərzinizi dəyişdirmək üçün kömək istəyin

Fiziki fəallığı gündəlik həyatınızın bir hissəsinə çevirməkdə çətinlik çəkirsinizsə, həkiminizlə məsləhətləşin. Həkiminiz sizi insanlara həyat tərzini dəyişdirməkdə kömək edən mütəxəssisə yönləndirə bilər.

1news.az

Paylaş:
761

Son xəbərlər

Bütün xəbərlər