Arvadını güllələyən polis daxili işlər orqanlarından xaric edildi
Bakıda polis şöbəsində həyat yoldaşını xidməti silahdan açdığı atəşlə qətlə yetirən İsmayıl Məmmədov vəzifəsindən azad edilib.
1news.az-ın verdiyi xəbərə görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, İ.Məmmədov daxili işlər orqanlarından xaric edilib.
Xatırladaq ki, hadisə sentyabrın 30-da səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsində qeydə alınıb.
Belə ki, Nizami RPİ-nin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İ.Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alıb. O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib.
Daha sonra İ.Məmmədov saxlanılıb, barəsində Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.