3-cü dozadan sonra 4-cü doza vaksin vurulacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi “Azərbaycan Respublikasında “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.
1news.az-ın məlumatına görə Səhiyyə nazirliyi də son elmi tədqiqatların nəticələrini və COVID-19 virusunun mutasiya uğramasını nəzərə alaraq hər 2 doza vaksin almış risk qrupuna daxil olan vətəndaşları, xroniki xəstəliyi olanları, bütün tibb işçilərini və yaşı 50-dan yuxarı olan əhalini 3-cü doza ilə (“buster” doza) peyvəndlənməyə çağırır.Təbii ki, bu da xəstəliyin qismən də olsa qarşısının alınmasına hesablanan addımdır. Nəzərə alsaq ki, koronavirusun daha yoluxucu "Delta" ştammının gündəmdə olması virusla daha ciddi mübarizə aparılmasını zəruri edir. Bundan əlavə mövsümlə əlaqədar havanın dəyişməsi də epidemiyanın daha geniş yayılması riskini artırır.
1news.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla hesab edir ki, pandemiya davam etdiyi müddətdə dozaların sayının artma ehtimalı var:
“Koronavirus kimi daşıyıcı viruslar mutasiyaya uğradığına görə onların vaksinasiyasının müddəti şərti olaraq 6 aydır. Bu səbəbdən də nə qədər ki, pandemiya davam edir vaksin olunan şəxslər üçün 2-ci, 3-cü dozaların olunma zərurəti ortaya çıxır.3-cü dozanın yəni "buster" dozanın vurulması artıq zəruri xarakter daşıyır. Zərurət yaranarsa sonrakı dozanın vurulması da ola bilər ki, məqsəduyğun olsun. Hesab edirəm ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) vaksinasiyanı intensivləşdirməsi pandemiyanın sona çatması üçün mühüm addımdır”.
Qeyd edək ki, Türkiyə, Çin, Avstriya, Belçika, Finlandiya, Macarıstan, Rusiya, İspaniya və İsveçrədə də artıq 3-cü gücləndirici doza vaksinasiyaya start verilib. Azərbaycana gəldikdə isə üçüncü doza üçün ölkəmizdə təsdiq olunan bütün vaksinlər istifadə oluna bilər.