Sentyabr ərzində Bakı və Sumqayıt əhalisinə 841 mindən çox tibbi xidmət göstərilib
İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin sentyabr ayı ərzində Bakı tibbi ərazi bölməsi (TƏB) üzrə 184 min 917 və Sumqayıt TƏB-i üzrə 42 min 339 vətəndaşa ümumilikdə 841 min 520 tibbi xidmət göstərilib.
Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə , bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 370 min 945 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 635 min 550-si ambulator, 205 min 970-i isə stasionar şəraitdə göstərilib.
Cari ilin sentyabr ayı üzrə həmin tibbi ərazi bölmələrinə dair əhaliyə göstərilən tibbi xidmətləri əks etdirən bir neçə statistik göstəricini təqdim edirik:
Bakı TƏB-i üzrə əhalinin hər 1000 nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən, ilk onluqda yer alan rayonlar: Pirallahı (274), Nərimanov (257), Yasamal (216), Sabunçu (168), Nəsimi (165), Xəzər (157), Səbail (147), Suraxanı (107), Xətai (68) və Binəqədi (59).
Sumqayıt TƏB-i üzrə əhalinin hər 1000 nəfərinə tibb müəssisələrinə olunan müraciət sayı 121 təşkil edib.
Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Sumqayıt Tibb Mərkəzi (114 min 557), Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası (92 min 321), Kliniki Tibbi Mərkəzi (73 min 456), 5 nömrəli Şəhər Klinik Xəstəxanası (58 min 344), 3 nömrəli Şəhər Klinik Xəstəxanası (53 min 845), K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (45 min 948), 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (26 min 193), Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (26 min 59), 13 nömrəli Uşaq Poliklinikası (22 min 21) və 15 nömrəli Uşaq Poliklinikası (21 min 730).
Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Sumqayıt Tibb Mərkəzi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəzi, 13 nömrəli Uşaq Poliklinikası, 15 nömrəli Uşaq Poliklinikası, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası və 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası.
Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Kliniki Tibbi Mərkəzi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanası və Respublika Perinatal Mərkəzi.
Ötən ay ərzində Bakı və Sumqayıt TƏB-ləri üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, həzm sistemi xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, sidik-cinsiyyət sistemi xəstəlikləri, mamalıq və ginekologiya, zədələr və zəhərlənmələr, habelə sinir sistemi xəstəlikləri ilə bağlı olub.
2021-ci ilin sentyabr ayında Bakı TƏB üzrə 715 min 473, Sumqayıt TƏB üzrə isə 126 min 47 tibbi xidmət göstərilib.
Bundan başqa, icbari tibbi sığortanın cari ilin aprel ayından etibarən tətbiq olunmağa başladığı Bakı TƏB üzrə sentyabr ayına qədər 904 min 713 vətəndaşa 1 milyon 707 min 767 müraciət üzrə 3 milyon 480 min 335 tibbi xidmət, Sumqayıt TƏB üzrə isə 169 min 990 vətəndaşa 350 min 641 müraciət üzrə 592 min 218 tibbi xidmət göstərilib.
2020-ci ilin yanvarın 1-nə olan rəsmi məlumata əsasən, Bakı və Sumqayıt TƏB-ləri üzrə qeydiyyatda olan əhalinin sayı 3 milyon 47 min nəfər təşkil edir.
Məlumata əsasən, bütün ölkə üzrə sentyabr ayı ərzində 615 min 289 nəfərə 995 min 667 müraciət üzrə 2 milyon 586 min 220 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 2 milyon 211 min 137-si ambulator, 375 min 83-ü isə stasionar şəraitdə göstərilib.
Cari ilin yanvar-sentyabr ayları ərzində isə bütün ölkə üzrə 3 milyon 189 min704 şəxs tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara 15 milyon 793 min 776 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 12 milyon 477 min 83-ü (79 faiz) 18 yaşdan yuxarı, 3 milyon 316 min 693-si (21 faiz) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.