Publisistik üslub Naxçıvan ədəbi mühiti nümayəndələrinin yaradıcılığında araşdırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Publisistik üslub Naxçıvan ədəbi mühiti nümayəndələrinin yaradıcılığında araşdırılıb

11:12 - 26 / 10 / 2021
Publisistik üslub Naxçıvan ədəbi mühiti nümayəndələrinin yaradıcılığında araşdırılıb

Naxçıvan Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehriban Əsədullasoyun (Quliyeva) “Publisistik üslubun XIX əsrin sonu XX əsrin əvvəlləri Naxçıvan ədəbi mühiti nümayəndələrinin yaradıcılığında araşdırılması” adlı məqaləsi işıq üzü görüb.

1news.az-ın məlumatına görə, məqalədə XIX əsrin sonu və XX əsrin əvvəlləri Naxçıvan ədəbi mühiti nümayəndələrinin publisistika sahəsində əməyi işıqlandırılıb. Ədəbi dilin inkişafında müstəsna rolu olan ədiblərin mətbuatdakı fəaliyyətləri ardıcıl olaraq izlənilib, eyni zamanda Azərbaycan ədəbi dilinin publisistik üslubunun dil xüsusiyyətləri tədqiqata cəlb olunub. Məqalədə həmçinin, XIX əsrin sonu XX əsrin əvvəlləri Naxçıvan ədəbi mühiti nümayəndələrinin publisistik irsi tədqiq olunmaqla yanaşı, bu sahədə çalışan M.T.Sidqini, Q.Şərifzadə, Ə.Qəmküsarın, C.Məmmədquluzadə, M.S.Ordubadi, M.Şahtaxtlı, H.Cavid, E.Sultanov, Ə.Səbri kimi ədəbi mühit nümayəndələrinin məqalələrinin dil-üslub xüsusiyyətləri də araşdırılıb. Naxçıvanlı ədiblərin publisistikasında yazıçı peşəkarlığı, zəngin poetik təcrübədən bəhrələnmə özünü qabarıq göstərirdi.

Məqalədə, eyni zamanda görkəmli ictimai xadimlərin, ziyalıların bədii dilin zənginləşdirilməsində göstərdiyi xidmətlər, publisistikada göstərdikləri fəaliyyətləri, müstəmləkəçilik əleyhinə fikirləri, mübarizə və milli azadlıq ideyaları əksini tapıb, ədəbi dilin, milli mədəniyyətin, mətbuatın millətin özünüdərk etməsində rolu müəyyənləşdirilib. XIX əsrin sonu və XX əsrin əvvəllərində milli mətbuatın ədəbi dilimizin inkişafındakı rolu göstərilməklə bərabər, xalqın milli oyanışına, maariflənməsinə təsir edən mühüm amillərdən bəhs edilib.

XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvan ədəbi mühiti nümayəndələri publisitikada yorulmaz fəaliyyət göstərib, qədim və zəngin maddi-mənəvi irsimizi tanıtmaq, xalqı maarifləndirmək kimi missiyaları şərəflə yerinə yetirməklə publisistik ənənənin əsasını möhkəmləndiriblər. Ədəbi mühitin maarifçilik ideyalarını, klassik bədii əsərləri təbliğ edən, ədəbi dilimizi zənginləşdirən, cəmiyyətin təkamülündə misilsiz rol oynayan publisistikanın Naxçıvan ədəbi mühiti nümayəndələrinin yaradıcılığında tədqiq etmək klassik publisistikanın tarixi əhəmiyyətini artırır. Publisitik məqalələrin ideya-estetik xüsusiyyətləri, üslub zənginliyini naxçıvanlı ədiblərin yaradıcılığında diqqətlə və əhatəli araşdırmaq publisistikanın inkişafına öz töhfəsini verəcək. Həmçinin görkəmli ictimai-siyasi xadimlərin, ziyalıların milli şüurun oyanışı, milli özünüdərketmənin xüsusi əhəmiyyətini konkret publisitik nümunələrlə əsaslandırılıb.

Naxçıvanlı ədiblərin təsis və iştirak etdiyi XIX əsr və XX əsrin əvvəllərində fəaliyyət göstərmiş mətbuat orqanlarının dil və üslub xüsusiyyətlərini müəyyənləşdirilərək, “Şərqi-Rus” və “Molla Nəsrəddin” jurnalında dərc olunmuş publisistik əsərlərin sənətkarlıq xüsusiyyətləri: janr, üslub, dil, bədiilik baxımından təhlili həyata keçirilib.

1news.az

Paylaş:
702

Son xəbərlər

Bütün xəbərlər