“AdBlue” 50% bahalaşıb: Azərbaycanda ağır yük daşıyan nəqliyyat vasitələri ekoloji baxımdan zərərli olmağa başlayıb
Avtomobil mühərrikləri işləyərkən atmosferə atılan Azot 4-oksid insan üçün ən zərərli maddələrdən biridir.
Dizel yanacağı ilə işləyən və Avro-4 ekoloji standartlarına cavab verən avtomobillərdə işlənmiş qazın təmizlənməsi üçün SCR (Selektiv Katalitik Neytrallaşdırma üsulu) təmizləmə texnologiyasından istifadə edilir.
Bu təmizləmə sisteminin əsas elementi “AdBlue” ticarət nişanı altında məşhur olan maye reagentidir. Bu, 32,5% yüksək keyfiyyətli sidik cövhəri və 67,5% deminerallaşdırılmış sudan ibarət sulu məhluldur.
Dünyada bu texnologiya ağır yük nəqliyyatda, avtobuslarda, zibilyığan maşınlarda və s. geniş tətbiq olunur. “AdBlue” çirkləndirici maddələri su buraxına və təhlükəsiz azota çevirməklə işlənmiş qazın tərkibindəki azot oksidini (NOx) 90% azaltmağa imkan verir.
Bu yaxınlarda Azərbaycanda işlənmiş qazın təmizlənməsi üçün zəruri olan bu vasitənin qiymətində 50% artım qeydə alınıb. Əgər əvvəl 20 litrlik çəndə satılan bu vasitənin qiyməti istehsalçıdan asılı olaraq, orta hesabla 30 AZN təşkil edirdisə, hazırda qiymət 45 AZN və daha yuxarıdır.
Bunu “1news.az”a iritonnajlı avtomobilin sahibi və sürücüsü F.T (müsahib obyektiv səbəblərdən adının açıqlanmasını istəmədiyindən ad şərtidir) bildirib.
Mütəmadi olaraq Azərbaycanın regionlarına reyslər həyata keçirən bu şəxsin sözlərinə görə, əgər bir müddət əvvəl Bakıdan Qazaxa gedib-qayıtmaq üçün (təxminən 1000 km) 15 AZN-lik “AdBlue” sərf olunurdusa, hazırda sərfiyyat 23 AZN-ə çatıb.
F.T. həftədə azı 5 belə səfər etdiyini bildirib. Bu isə o deməkdir ki, onun və onun kimi digər avtomobil sahibləri üçün avtomobilin ekolojiliyinin təmin edilməsi xərcləri bir neçə dəfə artıb.
“Yanacaqdoldurma məntəqəsində 20 litr üçün 45 AZN qiymət deyəndə çox təəccübləndim. Hətta adətən “AdBlue” aldığım yanacaqdoldurma məntəqəsinin direktoruna da zəng etdim. O isə artıq tədarükçülərin malı yeni qiymətə gətirdiklərini dedi”, - sürücü bildirib.
“Tənbəllik etməyib tanışlarımın olduğu bir neçə yanacqdoldurma məntəqəsinə zəng etdim. Hər yerdə mənə qiymətlərin dəyişdiyini bildirdilər. Bunu “AdBlue” üçün gömrük rüsumunun artması ilə izah etdilər”, - o əlavə edib.
Avtomobilin mühərriki işləyərkən yanacaq sərfiyyatının təxminən 3-5%-i həcmində, yaxud orta hesabla 1 km yola 10 q “AdBlue” sərf olunur. Hər 2000 km məsafədən bir avtomobilə bu vasitədən tökmək tələb olunur. Sidik cövhəri çəni boş olduqda avtomobil on kilometrlərlə yol qət edə bilər, lakin dayandıqda artıq mühərriyi işə salmaq mümkün olmur. Sürücülərin ekoloji normativlərə riayət etməsinə yönəlmiş SCR sisteminin iş prinsipi bu cürdür.
Lakin məlum olduğu kimi Azərbaycanda ağır yük maşınlarının çoxunun zəmanət müddəti çoxdan keçib, bu səbəbdən artıq xərcə yol verməmək üçün maşınların çoxunda SCR sistemi sadəcə söndürülür.
F.T-nin sözlərinə görə, maşın sahiblərinin orta hesabla 10%-i təmizləmə sistemindən istifadə edir.
“Sistem əsasən avtomobili nisbətən yeni olan, yaxud havanı çirkləndirmək istəməyən və bunun təhlükəli olmasından xəbərdar olan şəxslərdə işləyir. Çünki təmizləmə sistemi söndürülmüş olan yük maşınları özündən sonra qara tüstü buludu saxlayır. Bu cür maşınların keçdiyi yerdə hələ uzun müddət nəfəs almaq çətin olur”, - F.T. fikrini bildirib.
Ekologiyaya zərər vurmaq baxımından üzərində məsuliyyət hiss edən maşın sahiblərindən/sürücülərindən olan F.T. hazırda çox ciddi dilemma qarşısında qalıb: o ya cibinə ziyan olsa da, maşının təmizlik sisteminin saxlanmasına çəkilən xərclərini artırmalı, ya da digərləri kimi sistemi söndürməlidir.
Qeyd edək ki, Azərbaycanın Sumqayıt Texnologiyalar Parkında yerləşən zavodda sidik cövhəri və deminerallaşdırılmış su əsasında reagent istehsalı həyata keçirilir. Həm də həmin zavodda hazırlanan məhsul ölkəyə idxal olunan məhsuldan daha ucuzdur. Lakin Sumqayıt Texnologiyalar Parkında istehsal edilən məhsul lisenziyalı olmadığından onun üzərində “AdBlue” ticarət nişanı qeyd olunmayıb.
“AdBlue” ticarət nişanı Alman Avtomobil Sənayesi Assosiasiyasına (VDA) məxsusdur. Reagentin tərkibi ilə bağlı tələblər çox yüksəkdir. Belə ki, bu tələblər ISO 22241 beynəlxalq standartı və ya Almaniyanın DIN 70070 standartı ilə müəyyən edilir. Məhsul yalnız lisenziya ilə buraxılır.
Məsələ burasındadır ki, sulu məhlulda sidik cövhərinin konsentrasiyası 32%-dən az olmamalıdır. SCR sistemində dozalaşdırma aparatları ən xırda çirklənməyə belə qarşı çox həssasdır. Sidik çövhərindən və ya sudan hazırlanmış azacıq kənar maddə qarışığı belə bahalı avadanlığı sıradan çıxara bilər.
Həm çəndə “AdBlue” vasitəsinin olmaması, həm də onun əvəzinə keyfiyyətsiz reagentin olması SCR sistemini sıradan çıxarır və avtomobilin elektronikası mühərriyi yenidən işə salmağa imkan vermir.
“Sürücülər yerli istehsal olan reagentdən istifadə etməməyə çalışırlar, çünki o, maşını çox tez sıradan çıxarır. Maşın yolun ortasında da qala bilər. Bu isə mühərriyin yenidən işə salınması üçün servis xidməti ilə bağlı xeyli çətinliklərə və xərcə səbəb olur”, - F.T. bildirib.
“AdBlue” ticarət nişanı altında məhsulun Azərbaycana idxalını həyata keçirən şirkətlərdən biri olan “As Motors GROUP”dan bildiriblər ki, “AdBlue” ticarət nişanı altında məhsulların ölkəyə gətirilməsi ilə bağlı gömrük rüsumlarından dəyişiklik olmayıb.
“As Motors GROUP”un marketinq üzrə direktoru Marat Namazovun sözlərinə görə, təkcə “AdBlue” deyil, həmçinin bu kateqoriyadan olan digər məhsullar da bahalaşıb. Buna səbəb kimi o, məhsulun istehsalçı ölkədə bahalaşmasını göstərib.
“Qiymət artımının əsas səbəbi kimi pandemiyanı göstərərdim. Bir sıra zavodların bağlanması, işçi qüvvəsinin ixtisar edilməsi istehsalın azalması ilə nəticələnib. Avropada hər şey bahalaşıb, məhsul çatışmazlığı hiss olunur”, - o “1news.az” saytına bildirib.
“Ən azı idxalçı kimi bizə üçün bunu əsas gətirirlər. Lakin ümumi iqtisadi tendensiyanın mövcudluğunu da istisna etməzdim. Bu vəziyyət bəzi şəxslər üçün faydalı ola bilər”, - o əlavə edib.
Lakin “AdBlue” məhsulunun kəskin qiymət artımının arxasında kimin dayanmasından asılı olmayaraq, yeni buraxılışı ili olan (müvafiq təmizləmə sisteminə malik) avtomobillər, həmçinin hibrid mühərrik tipinə malik avtomobillər və elektrokarlar hesabına avtomobil parkının yenilənməsi istiqamətində dövlətin səyləri fonunda bu addım qəribə görünür
Hələ bu ilin fevral-mart aylarında hibrid avtomobillərin və elektrokarların ölkəyə idxalı üçün gömrük rüsumunun azalması və ya tamamilə ləğv edilməsi ilə bağlı planların olduğu bildirilirdi və artıq noyabr 3-də məlum oldu ki, AR-nin Vergilər Məcəlləsinə yanvar 1-dən etibarən 3 il müddətinə müvafiq dəyişikliklərin edilməsi təklif edilib.
Çoxu köhnə buraxılış ilinə malik olan və işlənmiş qazla bağlı müasir ekoloji normalara cavab verməyən avtomobillərin sürətli artım templəri fonunda bu cür tədbirlərin görülməsi həqiqətən də zəruridir. Ekoloqlar bildirirlər ki, daha çox nəqliyyat vasitəsinin olduğu Bakıda havanın keyfiyyəti ilə bağlı məsələ təhlükə xarakter alıb.
Bərpa işləri tamamlandıqdan sonra Qarabağ da “yaşıl” zonaya çevriləcək. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə bu barədə danışıb. Burada elektrik enerjisinin istehsalında su, günəş və külək enerjisində fəal istifadə olunması planlaşdırılır.
Lakin hazırda Qarabağın bərpası işlərində xeyli sayda böyük yük maşınlarından istifadə edilir. Bütün bu texnikanın işləməsi üçün hər gün əraziyə iritonnajlı maşınlarda böyük həcmdə yanaşaq daşınır.
Bu maşınlar elektriklə deyil, dizel mühərriyində işlədiyindən SCR təmizləmə texnologiyası söndürüldükdə regionunun ekologiyasına ciddi zərər vurulur.
Bu baxımdan, ekoloji nöqteyi-nəzərindən yük maşınlarının sürücüləri üçün əlavə süni maneələrin yaradılması qarşıya qoyulmuş ümumi məqsədə çatmaq yolunda müəyyən mənada bilərəkdən zərər vurmaq və əngəl törətmək kimi qəbul edilə bilər.
Yelena Ostapenko, Qafar Ağayev