“Əməkdaşlarımız işini düzgün qursa, abonent şikayət etməz”-Baş direktordan gözlənilməz ETİRAF | 1news.az | Xəbərlər
Cəmiyyət

“Əməkdaşlarımız işini düzgün qursa, abonent şikayət etməz”-Baş direktordan gözlənilməz ETİRAF

10:25 - 16 / 11 / 2021
“Əməkdaşlarımız işini düzgün qursa, abonent şikayət etməz”-Baş direktordan gözlənilməz ETİRAF

““Azəriqaz” İstehsalat Birliyinə daxil olan şikayətlərin əsas mahiyyətini qaz təhcizatı ilə təmin olunma, sayğacların dəyişdirilməsi, cərimələr və hər hansı bir əməkdaşımızın qeyi-etik hərəkəti təşkil edir”.

Bunu 1news.az-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev dedi.

“ Vətəndaş tərəfindən hər hansısa bir əməkdaşımızla bağlı şikayət daxil olduqda bu bizim tərəfimizdən böyük qınaqla qarşılanır və həmin əməkdaş qanun çərçivəsində tərəfimizdən cəzalandırılır. Bu baxımdan da əməkdaşlarımız öz işlərində məsuliyyətlərini ikiqat artırmış olurlar. Bu günə kimi hətta qanunsuz addım atan bəzi əməkdaşlar işdən çıxarılıblar. Mən bizə daxil olan müraciətlərə abonent tərəfimdən baxdığım üçün hesab edirəm ki, bütün müraciət edən şəxslər haqlıdır. Əgər hər hansısa bir abonent bu şikayəti edirsə, deməli "Azəriqaz" İstehsalat Birliyinin hansısa əməkdaşı yerində işini düzgün qurmayıb. Biz abonentləri vaxtlı-vaxtında məlumatlandırmırıq ki, abonet də məlumatsızlıqdan bu şikayəti yazır. Biz də araşdırdıqdan sonra nöqsan aşkarlandığı təqdirdə işdən çıxarılma və əməkhaqqının kəsilməsi kimi cəzalar tətbiq edilir. Biz xidmət təşkilatıyıq, həmkarlarımız anlamalıdır ki, bizim amalımız abonentə xidmət göstərməkdir”.

Baş direktor onu da qeyd etdi ki, hazırda 900-ə yaxın yaşayış massivi qazlaşdırılmayıb:

“Yaxın illərdə 500 yaşayış massivinin qazlaşdırılması gözlənilir. Amma digər 400 yaşayış massivininqazlaşdırılması müəyyən zaman ala bilər. Çünki iqtisadi cəhətdən sərfəli deyil. Alternativ yanacaqla bağlı da bu yol xəritəsində qeyd edilib. Bununla Energetika Nazirliyi məşğuldur. Yəni qazlaşma iqtisadi tərəfdən mümkün olmadığı üçün digər alternativ yanacaqla təminat nəzərdə tutulub. Deyim ki, gələn il biz 110 yaşayış massivinin qazlaşdırılmasını nəzərdə tuturuq. Əgər 2021-ci ildə, yəni bu il bu rəqəm 50 idisə, gələn il artaraq 110 olacaq. Bunların içində ən ucqar kəndlər və genişlənmiş yaşayış massivləri var”.

Doğma Qarabağımızın mavi yanacaqla təminatına gəlincə, Ruslan Əliyev bildirdi ki, ilk növbədə Şuşa qazlaşdırılacaq:

“Adminsitrasiya tərəfindən tərtib edilən, Energetika Nazirliyinin tərkibində olan qrup tərəfindən plan hazırlanıb. "Azəriqaz" İstehsalat Birliyi olaraq biz həmin plana əsasən mərhələli şəkildə Qarabağ ərazisini qazlaşdırmağı nəzərdə tutmuşuq. Birinci mərhələdə Şuşa şəhəridir. Artıq bizim komandamız orada layihələndirmə və digər işlərlə məşğuldur. "Azəriqaz" İstehsalat Birliyinin Qarabağda fəaliyyətə başlamasına təbii ki, ümumi qrup qərar verəcək. Yəqin ki, bu gələn il reallaşacaq”.

Paylaş:
237

Son xəbərlər

Bütün xəbərlər