YAP müasir müstəqil Azərbaycanın siyasi həyatının bütün mərhələlərində tarixi missiyasını uğurla yerinə yetirir - Vüqar Rəhimzadə
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, “91-lər”in üzvü, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Yeni Azərbaycan Partiyasının yaradılmasının 29 ilinin tamam olması ilə bağlı müsahibə verib.
Həmin müsahibəni təqdim edirik.
- Vüqar müəllim, ölkəmizin həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 29 ili tamam olur. Ötən 29 il Azərbaycanın tarixində hansı mühüm hadisələrlə yadda qalıb? Bugünümüzün prizmasından o illərə nəzər saldıqda hansı təhlili aparmaq istərdiniz?
- Yeni Azərbaycan Partiyası müasir müstəqil Azərbaycanın siyasi həyatının bütün mərhələlərində tarixi missiyasını uğurla yerinə yetirib. Partiyanın yarandığı dövrün reallıqlarına və sonrakı proseslərə nəzər yetirdikdə buna bir daha əmin oluruq. Məlumdur ki, hər bir hadisənin baş verməsi üçün zərurət olmalıdır. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar ölkəmizi düşdüyü çətin vəziyyətdən xilas edə biləcək bir siyasi qüvvənin yaradılmasını qarşısıalınmaz tələbə çevirdi. Bir qədər də dəqiqləşdirmə, təhlil aparsaq qeyd edə bilərik ki, Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və həmin dövrdə mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Başqa sözlə desək, o dövrdə zamanın tələbi xalqın istəyi ilə vəhdət təşkil edirdi. Partiyamızın yaradılmasında fəal iştirakları və təşəbbüsləri ilə tarixə “91-lər” kimi daxil olan ziyalılarımız ümumilikdə xalqın böyük əksəriyyətinin arzu və istəklərini ifadə edirdilər. Azərbaycanın gələcək taleyini düşünən həmin insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir siyasi partiya yaratmaq təşəbbüsü ilə çıxış edərək bu məqsədlə zəngin dövlətçilik təcrübəsinə malik Liderin, Heydər Əliyev şəxsiyyətinin ətrafında birləşdilər.
Yeni Azərbaycan Partiyasının bu ilin martın 5-də keçirilən VII qurultayında dövlət başçısı, YAP-ın Sədri İlham Əliyev “91-lər”in fəaliyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, bu gün bir daha o vaxt milli maraqları hər şeydən üstün tutan “91-lər”i qeyd etmək istəyirəm. Bu gün də onların bir çoxu bizim sıramızdadır. Bundan sonra da onlar fəal işlərlə məşğul olacaqlar. Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında və ictimai həyatda fəaliyyət göstərəcəklər. Onları Azərbaycan xalqı unutmamalıdır: “Mən Prezident kimi hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular.”
Qurultayda bu reallıq da xüsusi qeyd edildi ki, faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. YAP-ın yaranmasından bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın yekdil səsi ilə Prezident vəzifəsinə seçildi və bundan sonra ölkəmizin böhrandan çıxma prosesi başladı. Dövlət başçısı bu tapşırığı verdi ki, biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər: “Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox.”
- Reallıq budur ki, YAP müxalifət partiyası kimi yaranmışdı. Müxalifət partiyası olaraq o zaman da YAP-ın Azərbaycanın xilası naminə cəsarətli təşəbbüslərlə çıxış etməsi və hər bir addımında dövlətçilik maraqlarını rəhbər tutması tarixi bir zərurət idi...
- Bəli, tamamilə haqlısınız. Həqiqətən də Yeni Azərbaycan Partiyasının fəaliyyətinə tariximizin hansı mərhələsindən baxsaq ilk gündən qəbul etdiyi prinsiplərin dəyişməz olduğunu görərik. Bu prinsiplər hansılardır? Təbii ki, Azərbaycanın müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaq və sair. YAP ötən 29 ildə dəyişməz olan bu prinsiplərinə söykənərək məqsədlərinə uyğun fəaliyyət göstərib və uğurlar qazanıb. 1995-ci ildə ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə işlənib hazırlanan və ümumxalq səsverməsi yolu ilə həyata vəsiqə alan Milli Konstitusiyamızın qəbulundan ötən müddət ərzində ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində partiyamız inamlı qələbələr qazanıb, tarixə qalib partiya kimi daxil olub. Həmçinin ötən 29 ildə Yeni Azərbaycan Partiyasının qurultaylarında qəbul edilən tarixi qərarlar ölkəmizin həyatında, gələcək inkişafında əhəmiyyətli rol oynayıb, yeni-yeni prioritetlərin müəyyənləşdirilməsinə əsas verib. 2021-ci ilin 5 mart tarixində keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı əlamətdar tarixi hadisə, Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq atılan addım kimi dəyərləndirildi. Qurultayda ölkə həyatının bütün istiqamətlərində, o cümlədən YAP-ın qarşısında dayanan vəzifələr diqqətə çatdırıldı. Möhtərəm Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyevin vurğuladığı kimi, YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var: “Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın.” Cənab İlham Əliyevin bu tövsiyələrini özünün gündəlik fəaliyyətində rəhbər tutan YAP 30 illik yubileyi ilinə yeniləşmiş formatda qədəm qoyur.
- Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkənin siyasi mənzərəsini necə dəyişdi?
- Birmənalı vurğulamaq olar ki, dahi rəhbər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın və Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin əsasını qoydu. Bilirsiniz ki, hər bir dövlətin, xalqın həyatında xüsusi tarixlər var ki, onlar dönüş nöqtəsi kimi dəyərləndirilir. Məsələyə bu prizmadan baxsaq açıq-aydın görərik ki, Yeni Azərbaycan Partiyasının yaradılması, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında dönüş nöqtələri oldu. Həm də bu baxımdan ki, hər iki tarixi hadisənin ölkəmizin həyatında, gələcək taleyində öz rolu vardır. Ümummilli Lider qayıdışı ilə xilaskarlıq missiyasını uğurla yerinə yetirərək Azərbaycanı düçar olduğu bəlalardan xilas etdi, yeni Azərbaycanın gələcək uğurlarına yol açdı. Azərbaycan dövlət müstəqilliyini qorudu, bugünümüz üçün möhkəm təməlin qurulması nəticəsində müstəqilliyimizin ilk illərinin çətinlikləri aradan qaldırıldı, ölkəmiz müstəqil dövlət kimi varlığını dünyaya sübut etdi. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Ulu öndər Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və davamlı inkişaf gətirdi. Çox qısa bir zamanda cəmiyyətin hər bir üzvündə dövlətimizin, dövlətçiliyimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı. Azərbaycanı dünyaya tanıtmaqla beynəlxalq aləmdə özünəməxsus yerini müəyyən edən dahi şəxsiyyətin zamanında atdığı addımların dərin mahiyyətini, bu addımların nə qədər gərəkli olduğunu partiyamızın yaradılmasının 29-cu ildönümünü qalib ölkənin vətəndaşları kimi alnıaçıq, üzü ağ qeyd etdiyimiz bu günlərdə daha dərindən anlayır, əhəmiyyətini və nəticələrini həyatımızda hiss edirik.
Ulu öndər Heydər Əliyev Azərbaycanın dünyaya Günəş kimi doğacağını bəyan edirdi. Bu tezis, bu niyyət dahi şəxsiyyətin öz Vətəninə, xalqına bağlılığını, Azərbaycanı necə görmək istəyini nümayiş etdirirdi. Ulu öndər Heydər Əliyevin dövlətimiz, millətimiz qarşısındakı xidmətləri zaman keçdikcə daha aydın görünür. Zamanı titanik fəaliyyəti, əməli işi ilə zənginləşdirən Ümummilli Liderin hələ Sovet İttifaqının bütün dünyaya meydan oxuduğu dövrlərdə ən ümdə, müqəddəs arzusu xalqın birliyinə, dünya azərbaycanlılarının həmrəyliyinə söykənən müstəqil, güclü, qüdrətli müasir Azərbaycan dövlətinin yaradılması olmuşdur. 1993-cü ildə xalqın yekdil dəstəyi ilə müstəqil Azərbaycan dövlətinin sükanı arxasına keçən Ulu Öndərin uzaqgörən müdrik siyasəti nəticəsində bu müqəddəs arzu reallığa çevrildi. Müasir müstəqil Azərbaycan dünyanın sivil, demokratik, dünyəvi dövlətləri arasında, beynəlxalq arenada öz layiqli yerini tutmaq, inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyini atdığı addımları ilə təsdiqlədi. Ən başlıcası möhkəm təməl növbəti uğurlara stimul oldu. Ulu öndər Heydər Əliyev ölkə həyatında baş verən ən xırda problemə belə həssaslıqla yanaşdı və onun həllinə çalışdı. Bir zamanlar xəyal edilən iqtisadi layihələr həyata keçirildi. 1994-cü il mayın 12-də Ulu Öndərin səyləri nəticəsində cəbhə xəttində atəşkəsin əldə olunmasından sonra elə həmin ilin 20 sentyabrında dünyanın ən nəhəng transmilli neft şirkətləri ilə çağdaş tariximizə “Əsrin müqaviləsi” adı ilə daxil olan neft kontraktları imzalandı. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissələri - BTC və BTƏ neft-qaz layihələrinin təməli qoyuldu. Dahi şəxsiyyətin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün sahələrin inkişafında öz aydın ifadəsini tapdı. Dövlətçiliyin əsasları yaradıldı, ordu quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirildi. İqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması davamlı uğurlara yol açdı. Azad mətbuat formalaşıb imkişaf etdi, insan hüquq və azadlıqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi və sair kimi demokratik təsisatların inkişafı təmin olundi. Ən əsası 1995-ci ilin 12 noyabrında Milli Konstitusiyamız qəbul edildi. Azərbaycan beynəlxalq aləmdə yerini və mövqeyini möhkəmləndirdi. İkitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin inkişafı Azərbaycan həqiqətlərinin təbliğində, erməni diasporunun Azərbaycanın ətrafında yaratdığı informasiya blokadasının yarılmasında əhəmiyyətli rol oynadı. Bir sözlə, ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqil və suveren dövlət kimi fəaliyyətini təmin edən strategiyanı işləyib hazırladı və həyata keçirdi.
- Vüqar müəllim, müasir müstəqil Azərbaycanın tarixində 2003-cü ildən sonrakı dövrü necə xarakterizə edərdiniz? Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına 1 oktyabr 2003-cü il tarixli müraciətində ən düzgün seçim ünvanlarını göstərmişdi: cənab İlham Əliyev və Yeni Azərbaycan Partiyası...
- Tamamilə doğru qeyd etdiniz. Həmin müraciətdə xalqımız ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevə səs verərək Prezident seçəcəyi təqdirdə xalqın dəstəyi ilə görüləcək işlər açıqlandı. “Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var” söyləyən ulu öndər Heydər Əliyev bunu da əlavə etmişdi ki, üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”
Son 18 ildə Azərbaycanın Prezident İlham Əliyevin təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində qazandığı uğurlar bir daha Ulu Öndərin bu müraciətini sonsuz rəğbətlə qarşılayan xalqımızın seçimində yanılmadığını təsdiqləyir. Ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzunu daha da artırdı, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atdı. Xüsusilə qürurvericidir ki, bu proses günümüzdə daha təkmil şəkildə davam etdirilməkdədir.
Dövlət başçısı İlham Əliyev “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürərək, bu məqsədə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyini bildirdi. 2003-cü ildən ötən 18 ildə regionların, eyni zamanda, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 3 Dövlət Proqramının icrası başa çatıb, regionların sosial-iqtisadi inkişafına dair dördüncü proqramın icrası uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın enerji sektorunda qazandığı uğurlar da təqdirəlayiqdir. Belə ki, 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı, 2018-ci ilə Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, həmin ilin iyun ayında bu unikal layihənin əsas tərkib hissələri olan TANAP, ötən ilin dekabrında isə TAP istifadəyə verildi. Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib etdi.
İqtisadi müstəqilliyimizin təmin olunması siyasi müstəqilliyimizə geniş imkanlar yaratdı. Bu isə öz növbəsində Azərbaycanın yeni dostlar və tərəfdaşlar qazanmasını təmin etdi. Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi ordu quruculuğu sahəsində mühüm addımlara geniş yol açdı. Ordumuzun maddi-texniki bazası möhkəmləndi, döyüş ruhu yüksəldi, gənclərimizin milli ruhda tərbiyəsi prioritet oldu. Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və rolunun möhkəmləndiyini də təsdiqləyən xeyli sayda faktlar sadalamaq olar. 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizə beynəlxalq güvənin yüksək səviyyədə olduğunun təsdiqidir. Ölkəmiz müxtəlif sahələri əhatə edən beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməklə də bu inamı nümayiş etdirir. Azərbaycan, həmçinin Qoşulmama Hərəkatının üzvüdür və quruma sədrliyi uğurla yerinə yetirir. Qeyd edim ki, 2019-cu ilin sonlarından dünyanı bürüyən koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə Azərbaycanın dəstəyi, eyni zamanda, COVID-19 adlı ümumbəşəri bəlanın qarşısının alınması istiqamətində irəli sürdüyü təşəbbüslər beynəlxalq aləmdə yüksək dəyərləndirilərək, ölkəmizə inamı və etimadı yüksəltdi. Bütün bunlardan əlavə, Qoşulmama Hərəkatının üzvlərinin birgə qərarı əsasında Azərbaycanın quruma sədrliyinin müddəti bir il də artırıldı. Azərbaycanın bu müddətdə irəli sürdüyü təşəbbüslər onun nüfuzunun artmasına öz müsbət təsirini göstərdi. Ölkəmizin təşəbbüsü ilə COVID-19-la mübarizədə qlobal səyləri gücləndirmək məqsədilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşləri, BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi. Azərbaycan koronavirusla mübarizədə 30-dan artıq ölkəyə humanitar və maddi dəstək göstərdi. Digər qlobal uğurlarımızdan da fərəhlə söhbət açmaq mümkündür.
Lakin hesab edirəm ki, Azərbaycan dövlətinin daxili və xarici siyasət sahələrində qazandığı uğurların geniş təhlilinə ehtiyac yoxdur. Bu baxımdan ki, artıq 30 illik torpaq həsrətimizə son qoyulması görülən işlərin, əldə olunan uğurların aydın mənzərəsini yaradır. Zəfərimizin formulu belədir: Prezident qətiyyəti, rəşadətli ordu, xalq-iqtidar birliyi, ən əsası torpaq, Vətən sevgisi. 30 ilin işğalına 44 gündə son qoyulması xalqımızın Ali Baş Komandanın “Hücum!” əmrini səbirsizliklə gözlədiyinin təsdiqinə çevrildi.
- Sizcə, tarixi Zəfərimiz Yeni Azərbaycan Partiyasının yaranmasından keçən 29 ildə Azərbaycanın qazandığı uğurlarla bağlı hansı ümumiləşdirməni aparmağa əsas verir?
- Ümumiləşdirmə apararkən ilk növbədə onu vurğulamaq gərəkdir ki, Azərbaycan bu illər ərzində gücləndi, qüdrətləndi, hər an Qələbəyə hazır olan ordusunu formalaşdırdı, beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirdi, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Prezident İlham Əliyev ən yüksək tribunalardan bəyan etdi ki, bir qarış torpağımızı belə düşmənə verməyəcəyik. Sülh danışıqlarının səmərə verməyəcəyi təqdirdə hərb yolu istisna edilmədi. Vətən oğullarının qəhrəmanlığını, şücaətini unutmamaq, onların dastana dönən igidlikləri ilə daim qürur hissi keçirmək məqsədilə Anım Günü kimi təsis olunan 27 sentyabr 2020-ci ildən başlanan Vətən müharibəsi hərbi-siyasi Qələbəmizin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixinə qədər davam edərək Azərbaycanın döyüş meydanında olduğu kimi, informasiya cəbhəsində də üstünlüyünün təqdimatı oldu. Bu Qələbəmiz kimin kim olduğunu açıqladı. Dost, qardaş Türkiyə Vətən müharibəsi başlandığı gündən Azərbaycanın yanında oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və qardaş ölkənin digər rəsmi şəxsləri istər müharibə, istərsə də postmünaqişə dövründə atdıqları addımlarla ölkəmizin yanında olduqlarını, dostluğumuzun sarsılmazlığını təsdiqlədilər. Bu günlərdə, daha dəqiq desəm, noyabrın 12-də dünya növbəti dəfə Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının şahidi oldu. Belə ki, hazırda beynəlxalq aləmdə geniş müzakirə olunan, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkdilli Ölkələrin Dövlət Başçıları Şurasının qərarı ilə Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin verilməsi bunun bariz nümunəsi kimi qeyd edilir. Prezident İlham Əliyev bu ali mükafatla tarixi Zəfərimizə və türk dünyasının birliyinə şəxsi töhfələrinə görə təltif edilib. Bir sözlə, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev adını tarixə qalib Lider, torpaqlarımızın xilaskarı kimi yazdı.
- Vüqar müəllim, bugünkü reallıqlarımızın möhkəm təməlini yaradan Ulu Öndərin irsinin təbliğində Heydər Əliyev Fondunun xidmətlərini necə şərh edərdiniz? Bir mühüm məqamı da qeyd edək ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında atılan mühüm addımlardan biri də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın YAP Sədrinin Birinci müavini təyin edilməsi oldu. Bütün bunların fonunda idarəçilik sistemində yeniliklərin ölkəmizə qazandırdığı uğurları necə dəyərləndirərdiniz?
- Dövr, zaman dəyişir, davamlı islahatlar həyata keçirilir, idarəçilik sistemində yeniliklər tətbiq olunur. Təbii ki, bütün addımların hədəfi dövlətimizi daha da gücləndirmək, xalqın rifahını yüksəltmək, vətəndaş məmnunluğunu artırmaqdır. Bu gün qüdrətli Azərbaycanımıza hansı prizmadan baxsaq Heydər Əliyev siyasətinin uğurlarını görərik. Bu uğurlarda özünəməxsus payı və əməyi olan Heydər Əliyev Fondu yalnız dahi şəxsiyyətin irsinin təbliği ilə məşğul olmur, eyni zamanda, Azərbaycanın təqdimatına yönələn biri-birindən əhəmiyyətli layihələr həyata keçirir. Bugünümüzün əsas reallığı dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birgə səyləri nəticəsində postmünaqişə dövrünün reallıqlarının gerçəkləşdirilməsi, ən əsası soydaşlarımızın işğaldan azad edilmiş Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışının tezləşdirilməsidir. Bir mühüm məqamı da nəzərə alsaq ki, Yeni Azərbaycan Partiyasının VII qurultayı Zəfərimizin reallıqlarına uyğun olaraq keçirilib və bu reallıqlara əsaslanan qərarlar qəbul olunub, Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavini təyin edilməsi onun dövlət başçısı İlham Əliyevlə birlikdə Azərbaycanımıza daha möhtəşəm uğurlar qazandırmasına əsaslanır. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan dövlətinin, dövlətçiliyinin inkişafına, qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərin gerçəkləşdirilməsinə davamlı töhfələrində öz aydın ifadəsini tapıb. Bu gün dünyanın diqqəti Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycana yönəlib. Şübhəsiz, biz qalib xalq olaraq birgə səylər nəticəsində qarşımızda duran hədəflərə yüksək səviyyədə çatacağıq.
Təbii ki, təkcə ölkəmizin deyil, regionun aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının 29 ildə keçdiyi şərəfli yolu bir müsahibə çərçivəsində əhatə etmək mümkün deyil. Bununla belə, yekun olaraq onu deyə bilərəm ki, bugünümüzün sevinci, qüruru uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizdir. Bir daha Yeni Azərbaycan Partiyasının çoxminli üzvlərinin hər birini Zəfərimizin ildönümü, eyni zamanda, YAP-ın yaradılmasının 29 illiyi münasibətilə təbrik edir, VII qurultayın qərarlarından irəli gələn vəzifələrin icrasında daha fəal olmağı arzulayıram.
1news.az