Qəzzada ölənlərin sayı 72 min 742-yə çatdı
Qəzza zolağında İsrail hücumları nəticəsində həyatını itirənlərin sayı 72 min 742 nəfərə yüksəlib.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində İsrail ordusunun həyata keçirdiyi hücumlar nəticəsində 2 nəfər ölüb, 10 nəfər isə yaralanıb.
Açıqlamada bildirilib ki, İsrail ilə HƏMAS arasında atəşkəs razılaşmasının qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən bu yana ölənlərin sayı 856 nəfərə çatıb. Dağıntılar altından çıxarılanların sayı 770, yaralananların sayı isə 2 min 463 nəfər olaraq qeydə alınıb.
Qeyd olunub ki, 7 oktyabr 2023-cü ildən etibarən davam edən hücumlar nəticəsində yaralananların ümumi sayı 172 min 565 nəfərə yüksəlib.












