AMEA qayda pozan “AA” nömrəli avtomobil və klinika ilə bağlı məlumat yaydı
Son günlər bir sıra KİV-də Bakı şəhərində 90-AA-013 dövlət nömrə nişanlı avtomobilin yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, avtobusların hərəkət zolağına çıxdığına dair məlumat yayılmışdır.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin açıqlamasında qeyd olunub.
"Təəssüf ki, bəzi jurnalist həmkarlarımız baş verən hadisəni dəqiqliklə araşdırmadan, sözügedən avtomobilin guya AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə məxsus olan “Bakı Klinika”sının sahibi Aytən Quliyevaya aid olduğu haqqında əsası olmayan məlumatlar yayaraq ictimaiyyət arasında çaşqınlıq yaratmışlar.
İctimaiyyətin diqqətinə çatdırırıq ki, “Bakı Klinika”sının və həmin avtomobilin AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə heç bir aidiyyatı yoxdur. Jurnalist həmkarlarımızı bir daha etik normalara riayət etməyə, əsassız, yoxlanılmamış məlumatlar yaymamağa çağırırıq" - deyə, məlumatda qeyd olunub.