“Heç bir deputat yağ və bal içində yaşamır” - Razi Nurullayev evsiz deputatlardan danışdı

Xəbər verdiyimiz kimi, deputat Razi Nurullayevin “Milli Məclisin 2022-ci il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirdiyi “Bəzi millət vəkillərinin evi yoxdur, onlara verilən kirayə haqqı artırılsın" təklifi cəmiyyət arasında birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı deputatın özü ilə əlaqə saxladıq.
Millət vəkili 1news.az-a açıqlamasında bildirdi ki, bu təklifi məqsədli şəkildə edib:
“Birincisi deyim ki, sosial şəbəkələrdə deyirlər ki, guya biz deputatlar yağ və bal içində yaşayırıq. Deputatlar milyonerdir, milyarderdir. Yəni bunlar problemsiz insanlardır. Bu gün parlamentdə 13 deputat var ki, evsizdir. Bu məsələyə biz nail ola bildik. Çox təəssüf ki, indi cəmiyyət “mümkün deyil, yalandır” deyirlər. Mən sizə deyim ki, nə parlamentdə, nə də deputatlar arasında heç kim nə kirayə pulu tələb edir, nə də əməkhaqqı. Belə deputat yoxdur. Başa düşürük ki, indiki məqamda bu yeri deyil. Mənim məqsədim bu məsələyə cəmiyyətin diqqətini yönəltmək idi. Cəmiyyət də aldı mesajı. Bəli, heç kim, heç bir deputat yağ və bal içində yaşamır, vəzifəli şəxslərin hamısı cah-cəlal içində yaşamır. Bu mənə aid məsələ deyil, özümə görə qaldırmamışam bu məsələni. Sadəcə olaraq deyim ki, bu dövlət büdcəsi ilə əlaqəli məsələ də deyil. Parlamentin öz şəxsi büdcəsi ilə əlaqəli məsələdir”.
Millət vəkili bidirdi ki, onu təhqir edənlər, söyüş söyənlər və söyüş söyənlərə dəstək verənlərdir:
“Onu yazanların özü göstərsin ki, hansı şəhid ailəsinə və ya müharibə iştirakçısının ailəsinə cibindən çıxarıb 1 manat pul verib? Canları çıxar, bir manat çıxmaz. Amma oturub yekə-yekə danışırlar, əllərindən bir iş gəlmir. 30 il nəticəsiz fəaliyyət göstəriblər. Hələ bir kimisə də günahlandırırlar. Hələ gedib mənim , başqalarının fəaliyyətinə baxsınlar. Onların öz əqrabalarına belə 100 ildə edə bilmədiklərini mən bu bir ildə çalışıb seçildiyim dairə üçün etmişəm. Buna görə də özü üçün, öz ətrafı üçün bir şey edə bilməyən şəxslər bu gün Azərbaycan xalqına gün ağlamaqdan danışır. Özü getsin mina təmizləsin. Zəhmət çəksin Müdafiə Nazirliyinə müraciət etsin Şuşaya, Xankəndinə getsin. Amma bir çoxları öz uşaqlarını, yaxınların gizlətdilər, qoymadılar müharibəyə getməyə, ondan danışsınlar!”.