Daha bir qrup Vətən müharibəsi qazisi ən müasir 4-cü nəsil elektron protezlə təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 3 dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ərəfəsində daha bir qrup Vətən müharibəsi qazisi yüksək texnologiyalı protezlərlə təmin edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən 1news.az-a verilən məlumata görə, aşağı və yuxarı ətrafları amputasiya olunmuş qazilərimiz əvvəlcə nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində protezləşməyə hazırlıq mərhələsi keçiblər. Həmin mərhələnin yekunu olaraq onların yüksək texnologiyalı, ən müasir 4-cü nəsil elektron protezlə təminatı həyata keçirilib.
Prezident İlham Əliyevin tapşırığına əsasən, 2020-ci ilin dekabrından nazirlik ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq ətraflarını itirmiş hərbçilərin yüksək texnologiyalı, elektron protezlərlə təminatı işlərini aparır. İndiyədək 164 hərbçi 173 ən müasir 4-cü nəsil elektron protezlə təmin edilib. Onlardan 149-u aşağı ətraflarını itirmiş qazilərdir. Vətən müharibəsi qazilərinə təqdim edilən “Genium” tipli yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. İstifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə, qeyri-bərabər səthlərdə addımlamağa, müxtəlif məkanlarda maneəsiz dönməyə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.
Digər 15 nəfər isə yuxarı ətraflarını itirmiş qazilər “ÖSSUR Touch Bionics” protezləri ilə təmin olunub. Həmin protezlər yuxarı ətrafları amputasiya olunmuş şəxslərə xüsusi proqram təminatı vasitəsilə sosial həyata daha tez və rahat inteqrasiya imkanı yaradır. “ÖSSUR i-Limb Ultra” bioelektrik əl darağının 18 fərqli tutma variantı mövcuddur. Komplektə istifadəçinin seçiminə uyğun fərqli rəng və ölçülərə malik 6 silikon əlcək da daxildir.