Bolt dondurma hadisəsinə reaksiya verib – VİDEO
Bir neçə gün əvvəl redaksiyamıza Bolt xidməti vasitəsilə çağırılan taksi sürücüsü ilə sərnişin arasında baş vermiş hadisə ilə bağlı məlumat daxil oldu.
Əvvəlcə sürücü taksiya əyləşmiş sərnişinə şəxsi suallar verərək uyğunsuz hərəkət edir, daha sonra isə dondurma almaq üçün maşını park etmək qərarına gəlir.
“Gec iş görüşməsindən və çətin günün yorğunluğundan sonra əhval-ruhiyyəm yaxşı deyildi. Həm də uşağa görə çox narahat olduğum üçün evə tez çatmaq istəyirdim. Və birdən sürücü dedi: “Ürəyim elə dondurma istəyir, alım, birlikdə yeyək”. Və ən yaxın mağazanın yanında maşını park etməyə başlayır. Mən sadəcə onun bu hərəkətindən şoka düşdüm və dedim ki, dondurmaya ehtiyacım yoxdur, tez evə getməliyəm”, - deyə Elnarə Salmanova bildirib.
Bundan sonra sərnişinin reaksiyasına qəzəblənən sürücü qadının avtomobili saxlamaq tələbinə məhəl qoymayaraq sürət həddini xeyli aşır və qəsdən qəza vəziyyəti yaradır.
Bolt-dan 1news.az-ın sorğusuna cavab olaraq şirkətlə əməkdaşlıq edən sürücülərin bu cür davranışının yolverilməz olduğu bildirilib, eləcə də davranış qaydalarını kobud şəkildə pozan konkret bu sürücü barəsində tədbir görüldüyü bildirilib:
“Sürücülərimiz Bolt platformasının işçiləri deyillər, onlar öz xidmətlərini göstərmək üçün platformamızdan istifadə edən müstəqil tərəfdaşlardır. Lakin biz bu cür ittihamları çox ciddi qəbul edirik və sürücülərin bu cür davranışına qətiyyən icazə vermirik”, - deyə şirkətin mətbuat xidməti bildirir.
“Alınan hər bir rəy Müştəri Xidmətləri qrupu tərəfindən nəzərdən keçirilir və vəziyyətin mürəkkəbliyindən asılı olaraq sürücüyə qarşı daxili araşdırma aparıldıqdan sonra lazımi tədbirlər görülür” – məlumatda deyilir.
Şirkət qeyd edib ki, sürücünün təhlükəli davranışı zamanı sərnişin aktiv səfər zamanı mövcud olan Safety Toolkit (“Təcili yardım “) funksiyasından istifadə edə bilər. Bu funksiya vasitəsilə Daxili İşlər Nazirliyinin 102 nömrəsi ilə əlaqə saxlaya və ya bu səfərlə bağlı məlumatı ailəniz və yaxınlarınızla bölüşə bilərsiniz.
“Biz Bolt sürücüsünə qarşı irəli sürülən ittihamlardan dərin narahatıq, çünki bütün sərnişinlərin və sürücülərin təhlükəsizliyi bizim ən yüksək prioritetimizdir və bunun göstəricisi olaraq biz hüquq-mühafizə orqanları ilə əməkdaşlığa hər zaman hazırıq”, – şirkətdən bildiriblər.
Həmçinin müxtəlif hadisələr zamanı konkret vəziyyətin ətraflı araşdırılması üçün birbaşa olaraq Bolt Müştəri Dəstəyi Xidməti ilə əlaqə saxlamağı tövsiyə etdilər.
Redaksiyanın Bolt-da sürücülərin qeydiyyatı sistemi ilə bağlı sualına şirkətin mətbuat xidməti aydınlıq gətirdi ki, bütün sürücülər platformanın istifadəsinə icazə verilməzdən əvvəl keyfiyyət monitorinqi prosedurundan keçirlər. Həmçinin artıq baş tutmuş səfərlərin nəticələrinə əsasən xidmət istifadəçilərindən alınan rəylər izlənilir.
Bundan əlavə, şirkətdən verilən məlumata görə, hər həftə sürücülərə səfərdən əvvəl və səfər zamanı sərnişinlərlə işləməyin ümumi prinsipləri ilə bağlı təlimatlar verilir. Eləcə də, qeydiyyatdan əvvəl sürücü sınaq testindən keçir və onun şirkətin standartlarına uyğunluğu müəyyən edilir. Bolt-dan bildirilib ki, şirkət normalarını pozan sürücülər üçün mütləq lazımi tədbirlər görülür.
“Hər bir sərnişinin başa çatmış səfər əsasında rəyi vəziyyəti daha yaxşı qiymətləndirməyə və platformamızı təkmilləşdirmək üçün lazımi tədbirlər görməyə kömək edir”, - şirkət qeyd edib.
Mövzu ilə əlaqədar oxuyun:
Qadın sərnişinlərə əxlaqsız təklif edən taksi sürücüləri ilə bağlı araşdırmalara başlanıldı
Bakıda xanım sərnişinə çay içmək təklif edən taksi sürücüsü saxlanıldı - VİDEO