Atasının itkin düşdüyünü bildirdi, meyit həyətdən tapıldı - Gəncədə qətlin təfərrüatı
Gəncə Şəhər Prokurorluğu qətl hadisəsi ilə bağlı məlumat yayıb.
1news.az-a xəbər verir ki, məlumatda deyilir:
"10 dekabr 2021-ci il tarixdə Gəncə şəhəri, Ə.Məmmədov küçəsində fərdi yaşayış evində yaşayan 1963-cü il təvəllüdlü Azad Məmmədovun evdən çıxaraq getməsi və bir daha geri qayıtmaması ilə bağlı oğlu Məmməd Məmmədovun Gəncə şəhəri Nizami rayon polis idarəsinə daxil olmuş müraciəti əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib.
Araşdırmalarla müəyyən edilmişdir ki, dekabrın 8-i günorta saatlarında Məmməd Məmmədov yaşadıqları evdə atası Azad Məmmədov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı onu əlləri ilə boğub öldürmüş, daha sonra meyiti evin həyətinə çıxararaq yandırdıqdan sonra basdırmışdır.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Məmməd Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir".