Rusiyada cinayət törədən Bakı sakininin məhkəməsi başlayır
Rusiyada qətl törədən Bakı sakininin məhkəməsi başlayır.
Nərimanov rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə, 03 aprel 2016-cı il tarixdə Rusiya Federasiyasının Lipetsk vilayətinin Lebedyan şəhərində Rusiya vətəndaşı Bessonov Aleksandr Vitalyeviçin öldürülməsi faktı ilə bağlı Rusiya Federasiyasının İstintaq Komitəsi tərəfindən başlanmış cinayət işi üzrə aparılmış istintaq tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakini İsayev Rəşad Sərdar oğlu tərəfindən törədilməsi müəyyən edildiyindən, cinayət işi istintaqın davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Nərimanov rayon prokurorluğuna göndərilib.
İstintaqla müəyyən edilib ki, Rəşad İsayev 03 aprel 2016-cı il tarixdə saat 01:00 radələrində Rusiya Federasiyası, Lipetsk vilayəti, Lebedyan şəhəri, Turqenev küçəsi 30 ünvanda yerləşən “Veqas” kafesinin qarşısında tanışları ilə hərəkətsiz vəziyyətdə olan avtomobilin salonunda işlək vəziyyətdə olan maqnitofonda ucadan ifa olunan mahnıların müşaiyəti ilə avtomobilin yanında rəqs edərkən, həmin vaxt “Veqas” kafesinə müştəri kimi gəlmiş Aleksandr Bessonovun musiqi səsinin yüksək olması ilə əlaqədar onlara iradını bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla Aleksandr Bessonovun sağ ayağına xuliqanlıq niyyətilə qəsdən bir dəfə zərbə vuraraq sonuncuya sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmiş, nəticədə Aleksandr Bessonov aparıldığı xəstəxanada ölüb.
Rəşad İsayevin yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi tam sübuta yetirildiyindən 06.12.2021-ci il tarixdə ona Cinayət Məcəlləsinin 12.1, 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham elan olunub və cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.