Sevinc Fətəliyeva: Erməni tərəfinin Zəngəzur dəhlizinin açılmasına razılıq verməkdən başqa çıxış yolu qalmayıb
“Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel səfəri kifayət qədər uğurlu oldu. Həm Azərbaycan-NATO əlaqələri, həm də Azərbaycan-Avropa İttifaqı münasibətləri kontekstində dövlətimizin başçısının keçirdiyi görüşlər, aparılan müzakirələr bir daha təsdiqləyir ki, Azərbaycanın beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə güclənməkdədir”.
Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü regionda sülhün və əməkdaşlığın təmin olunması istiqamətində növbəti addımdır. Onun sözlərinə görə, Prezident İlham Əliyev regionda yeni reallıqların müəllifidir və postmünaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində əsas söz sahibidir: “Həmçinin Azərbaycan diplomatiyası hər bir görüşdə müsbət məzmunlu sənədlərin qəbul edilməsində fəallıq göstərir. Azərbaycan mövcud regional geosiyasi vəziyyəti obyektiv qiymətləndirir. O cümlədən regional əməkdaşlıq, sabitlik və inkişaf üçün əlindən gələni edir. Azərbaycan regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasında səmimi olaraq maraqlıdır. Bütün bunların fonunda Brüssel görüşü və onun nəticələrinin geosiyasi kontekstdə analizinə ciddi ehtiyac duyulur. Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərlə Azərbaycan münaqişənin bitdiyini elan edib. Dövlətimizin başçısı İlham Əliyev hərbi əməliyyatlar bitdikdən sonra hər bir çıxışında qeyd edir ki, artıq münaqişə öz həllini tapıb, Azərbaycan sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır. Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi Bəyanatda da məhz Azərbaycanın bu mövqeyi öz əksini tapır. Görüşdən sonra açıqlama verən Şarl Mişel iki ölkənin dəmir yolu xətləri ilə bağlı razılığa gəldiyini deyib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra jurnalistlərə açıqlama verib, problemlərin həlli üçün Azərbaycan və Ermənistan arasında dialoqun qurulmasının vacib olduğunu vurğulayıb. Şarl Mişel Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın bəzi məsələlərdə, o cümlədən magistral yolların birləşməsi ilə bağlı müzakirə edilməli olan mövzuları müəyyən etdiyini və gələcəkdə bu mövzuda danışıqlar aparılacağına da ümid etdiyini bildirib. Belə ki, görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib. Eyni zamanda, Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəlinib. Bundan başqa, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Erməni tərəfinin Zəngəzur dəhlizinin açılmasına razılıq verməkdən başqa çıxış yolu qalmayıb. Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı dövlətimizin prinsipial mövqeyini bir daha bəyan edib və qeyd edib ki, əgər Ermənistan Zəngəzur dəhlizinə gömrük postu təyin etsə, Azərbaycan da Laçın dəhlizində analoji addımı atacaq: “Laçın dəhlizində gömrük yoxdur. Ona görə də Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqlidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması”. Bu qətiyyətli fikir eyni zamanda Ermənistanda mövcud olan revanşist və radikal qruplara verilən mesaj olmaqla, həm də onları bu və ya digər platformada dəstəkəyən ayrı-ayrı güc mərkəzlərinə verilən mesaj idi”.
Sevinc Fətəliyeva Azərbaycanın Şərq Tərəfdaşlığı platformasında da fəal iştirak etdiyini diqqətə çatdırıb: “Brüsseldə Şərq Tərəfdaşlığının növbəti sammitində Azərbaycanın Avropa üçün önəmi bir daha özünü təsdiqlədi. Belə ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edir. Eləcə də, ölkəmizin ən böyük ticarət tərəfdaşları Avropa İttifaqına üzv ölkələrdir. Bundan əlavə, ölkələrimzi arasında digər sahələr üzrə geniş əlaqələr mövcuddur. Bütövlükdə isə cənab Prezidentin Brüssel səfəri və onun nəticələri kifayət qədər uğurludur. Və biz qarşıdakı dövrdə bu uğurların aydın nəticələrini görəcəyik”.