Azərbaycan Bonnda keçirilən İyun İqlim Sammiti - SB62-də COP29 rəhbərliyi ilə təmsil olunur

Bu gündən başlayaraq iyunun 26-dək Almaniyanın Bonn şəhərində BMT-nin İqlim üzrə Subsidiar Orqanlarının 62-ci Sessiyası - SB62 öz işinə başlayır.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bonn İqlim Konfransı qlobal iqlim diplomatiyasında növbəti kritik mərhələ kimi qiymətləndirilir. Yaxın iki həftə ərzində davam edəcək görüşlərdə 5 mindən çox hökumət nümayəndəsi və iqlim fəalları bir araya gələrək, həm COP29-un nəticələrini əsas götürəcək, həm də Braziliyada baş tutacaq növbəti böyük iqlim sammiti — COP30 üçün hazırlıq işləri aparacaq.
Bu sessiyanın əsas gündəmi iqlimə uyğunlaşma üçün qlobal hədəflərin göstəricilərinin yekunlaşdırılması, ədalətli enerji keçidi, karbon emissiyalarının azaldılması və ən önəmlisi — “Bakıdan Belemə Yol Xəritəsi” çərçivəsində 1.3 trilyon dollarlıq iqlim maliyyəsinin səfərbər olunmasıdır.
Bu müzakirələrdə COP29 Sədrliyi – Azərbaycan aktiv şəkildə iştirak edir. Bakı sammitinin təşkilatçı heyəti tam tərkibdə Bonn görüşlərində yer alır. Diplomatik danışıqlar masasında və xüsusi sərgi kampusunda Azərbaycan nümayəndə heyəti təşəbbüskar mövqe sərgiləyir.
Sözsüz ki, biz BMT-nin İqlim üzrə Subsidiar Orqanlarının 62-ci Sessiyası barədə danışırıqsa burada COP29-un əhəmiyyətini və bu danışıqlarda müzakirə olunacaq mövzuların əsasının məhz Bakıdan bəlli olduğunu xüsusi vurğulamaq lazımdır. Ölkəmiz ötən il COP tarixində bir sıra ilklərə imza atdı. İlk növbədə, Paris Sazişinin 6-cı maddəsi – karbon bazarlarının beynəlxalq tənzimlənməsi və əməkdaşlıq mexanizmləri Bakı sammitində ciddi irəliləyiş əldə edilən məsələlərdən biri oldu. Bu, ölkələrin karbon ticarəti və emissiya azaldılmasını beynəlxalq şəkildə koordinasiya etməsinə imkan yaradacaq.
Bundan əlavə, “Bakı İqlim Fəaliyyəti Çərçivəsi” və “Bakı Maliyyə Hədəfi” kimi sənədlər iqlim tədbirlərində praktiki addımların sürətləndirilməsi üçün “Yol Xəritəsi” rolunu oynadı. İnkişaf etməkdə olan ölkələr üçün mühüm əhəmiyyət kəsb edən “İtki və Zərər Fondu”nun işə salınması da məhz COP29 zamanı rəsmiləşdirildi və bu fond artıq real maliyyə öhdəlikləri ilə fəaliyyətə başlayıb.
Bonn görüşləri bu mühüm nailiyyətlərin davamını təmin etməli, COP30-da konkret qərarların qəbuluna zəmin yaratmalıdır. Nəhayət, tədbir iştirakçılarından BMT-nin Davranış Kodeksinə tam əməl olunması tələb olunur. Bu, qarşılıqlı hörmətə, inklüzivliyə və məhsuldar əməkdaşlığa əsaslanan dialoq üçün vacibdir. Bonn danışıqları təkcə texniki hazırlıq mərhələsi deyil, həm də Azərbaycanın qlobal iqlim siyasətində rolunun davamı kimi diqqət mərkəzindədir. COP29-un mirası burada yaşayır və COP30-a gedən yolda əsas istiqamətləri müəyyən edir.
Gün ərzində Bonnda İyun İqlim Sammitində sessiyalar öz işinə başlayacaq, COP29 Sədrliyinin çıxışları baş tutacaq.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan bu konfransda olduqca fəal və müxtəlif sahələr üzrə təmsil olunur. Burada keçirilən panel tədbirlər və iqlim fəaliyyəti ətrafındakı danışıqlar Bakıda keçirilən COP29 prosesini xatırladır ki, məhz COP29 Sədrliyi də bu prosesi uğurla davam etdirir.