Könül Nurullayeva: “Şuşa Bəyannaməsi sülh və sabitliyin təminatıdır” | 1news.az | Xəbərlər
Siyasət

Könül Nurullayeva: “Şuşa Bəyannaməsi sülh və sabitliyin təminatıdır”

10:59 - 13 / 06 / 2025
Könül Nurullayeva: “Şuşa Bəyannaməsi sülh və sabitliyin təminatıdır”

"Azərbaycan və Türkiyənin “Bir millət, iki dövlət” şüarı ilə birgə imzaladığı tarixi Şuşa Bəyannaməsi iki qardaş dövlətin tarix, soykök, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqləyir, ölkələrimiz arasında dostluq və qardaşlığın nümunəvi xarakterini nümayiş etdirir".

Bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O, bildirib ki, sənədin imzalanmasından ötən 4 il ərzində iki qardaş ölkə bütövlükdə bölgənin rifahına xidmət edən çoxsaylı addımlar atıb. Türkiyə Prezidenti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib, bu müddətdə Qarabağ və Şərqi Zəngəzurda 3 beynəlxalq hava limanının açılışında iştirak edib.

"Ötən ay - may ayının 28-də Azərbaycanın Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanının açılış mərasiminə də qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan qatıldı.

Şuşa Bəyannaməsində Azərbaycan və Türkiyənin xarici siyasəti ilə bağlı müddəa da yer alıb və qeyd olunur ki, tərəflər öz milli maraq və mənafelərinin təmin edilməsinə yönəlmiş müstəqil xarici siyasət aparırlar. Sənədə əsasən, tərəflər beynəlxalq münasibətlərin inkişafı, regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli üçün birgə səylər göstərirlər.

Dövlət başçıları “Şuşa qanunu” kimi tarixə düşən Şuşa Bəyannaməsini münasibətlərin yeni mərhələsi üçün yol xəritəsi kimi qiymətləndiriblər. Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. Ən vacib məqam isə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə müdafiə addımlarının atılmasıdır. Əslində, bundan əvvəl də iki ölkə arasında strateji müttəfiqlik münasibətlərini müəyyən edən dövlətlərarası sənədlər, o cümlədən hərbi sahədə sıx tərəfdaşlıq, müttəfiqlik prinsiplərini özündə əks etdirən müqavilələr imzalanıb. Bakı və Ankara postmünaqişə dövründə də bütün imkanlarını Cənubi Qafqazı sülh regionuna çevirmək istiqamətinə yönəldib. Türkiyənin bu bölgədə mövqeyinin və gücünün möhkəmlənməsi təbii ki, həm də Azərbaycanın güclənməsi deməkdir. Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə hərbi-siyasi müttəfiqliyi rəsmiləşdirildi".

Deputat bildirib ki, Bəyannamənin strateji əhəmiyyətini artıran məqamlardan biri də hərbi əməkdaşlıqdır.

"Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bir-birinin təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir. İki qardaş ölkə bu illər ərzində Şuşa Bəyannaməsindən irəli gələn birgə hərbi təlimlər reallaşdırmaqdadır. Bəyannamə Ermənistandakı revanşist qüvvələrə də mühüm ismarıcdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.

Bakı və Ankaranın Şuşa Bəyannaməsi dünyaya verdiyi əsas mesajlardan biri də Cənubi Qafqazı sülh regionuna çevirməkdir. Azərbaycan və Türkiyə bütün region dövlətlərini bu əməkdaşlıq prosesində görmək istəyir".

Paylaş:
107

Son xəbərlər

Bütün xəbərlər