Şəhid anasının döyüldüyü deyilən hadisə əslində necə olub? - VİDEO

Sosial şəbəkələrdə Daşkəsən rayonunun Dəstafur kənd sakini, şəhid anası Sevda Şıxıyevanın rayon icra hakimiyyətinin Dəstafur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Lalə Cəfərova tərəfindən döyülməsi haqqında məlumatlar yayılıb.
1news.az-ın baku.tv-yə istinadən verdiyi xəbərə görə, əslində isə hadisə tam əksinə olub.
Lalə Cəfərova bildirir ki, dekabrın 17-də iş otağında olub: “Həmin zaman üç nəfər – mən, xadimə və müavinim işimizlə məşğul idik.
Bu zaman müavin gəldi ki, Dilşad adında bir xanım bizi gördü dedi ki, Sevdanı çağırın gəlsin, bunlar burdadır. Aradan 15 dəqiqə keçmədən ehtiyat edib xadiməyə dedim ki, açarı gətir qapını arxadan bağlayaq. Qapını bağladıqdan bir müddət sonra “Niva” markalı maşın inzibatı binanın qarşısında dayandı. Daha sonra 4 nəfər otağa doğru irəliləyərək qapını təpiklə sındırdı və içəri daxil oldular. Saçımdan tutub yerə yıxdılar. Dördü də məni döyməyə başladı. Bu zaman bacısı oğlu, sabiq məhkum Məmmədov Asif içəri daxil olaraq məni öldürəcəyini bildirdi. Kəndiri gətirin, ipi boğazına salıb “Niva”ya qoşub aparacam dedi. Bu zaman qorxudan huşumu itirdim.
Telefonumu da əlimdən aldılar. Müavinim əmim oğluna zəng etdi ki, Laləni öldürürlər, qoyma.
Həmin şəxslər şəhid anası Sevda Şıxıyeva, oğlu Sərxan Şıxıyev, əri Raqif Şıxıyev, qızı Qasımova Xalidə və bacısı oğlu, illərlə məhkum olmuş Məmmədov Asif idi. Səbəb isə 2020-ci ildə Vətən müharibəsi başlayan zaman mənə təqdim edilən çağırış vərəqəsini ailəyə təqdim etməyim olub. Deyirlər ki, oğlumuzu niyə apardın? Deyirlər siz apardınız müharibəyə”.
Hadisə zamanı Lalə Cəfərovanın köməyinə qohumu, Daşqın Cəfərov yetişib. Nəticə də həmin şəxslər ona da hücum edib. Daşqın Cəfərova da ağır bədən xəsarətləri yetirilib.
İlkin araşdırmanın nəticələrinə görə Sevda Şıxıyevanın Lalə Cəfərova ilə aralarında yaşananların tam başqa səbəbi var.
Daşkəsən Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Vəliyev bildirir ki, müxtəlif sosial şəbəkələrdə şəhid anası tərəfindən yayımlanmış videomaterial tamamilə qərəzlidir və əsassızdır:
“Bu özünə bəraət qazandırmaq cəhdidir. Sevda Şıxıyeva iddia edir ki, o döyülüb. Belə bir hal olmayıb. Onun iddiası ilə bağlı məsələ dərhal nəzarətə götürülüb və o, tibbi ekspertizadan keçirilib. Dedikləri isə təsdiqini tapmayıb. Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”.
Qeyd edək ki, Baku TV, “Space” telekanalı və APA TV-nin jurnalistləri bu hadisənin araşdırılması zamanı Daşkəsən rayonunda təzyiqlə üzləşiblər.
Hadisənin mahiyyətini ətraflı araşdırmaq üçün Dəstafur kəndinə yollanan media nümayəndələri şəhid anası tərəfindən hədələnib.
Daxili İşlər Nazirliyi də şəhid anasının iddialarına cavab verib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, sosial şəbəkələrdə Daşkəsən rayon sakini, şəhid anası Sevda Şıxıyevanın Daşkəsən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları barədə səsləndirdiyi fikirlər həqiqətə uyğun deyil.
O bildirib ki, dekabr ayının 17-də Daşkəsən Rayon İcra Hakimiyyətinin Dəstəfur kənd icra nümayəndəsi Lalə Cəfərova DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək özünün və müavini Daşqın Cəfərovun döyülməsi barədə məlumat verib.
“Daha sonra Sevda Şıxıyeva sözügedən xidmətə müraciət edərək Daşqın Cəfərov adlı şəxsin sərxoş halda ona hücum etməsini və şəhid ailəsini təhqir etməsini bildirib. Hər iki tərəf daha sonra Daşkəsən RPŞ-yə ərizə ilə müraciət edib. Həmin videogörüntüdə polis əməkdaşları hadisə yerinə ictimai asayişi təmin etmək və tərəfləri sakitləşdirmək üçün gəlib və hər hansı bir qanunazid addım atılmayıb.
Onu da qeyd edim ki, hazırda tibbi ekspertiza təyin olunub, faktla bağlı Daşkəsən RPŞ-də araşdırmalar aparılır”.
1news.az