Nazir: “Döyüş əməliyyatlarının gedişi bu tapşırığın icrasının uğurlu olduğunu göstərdi”
“Mən deyərdim hətta ilk dəqiqələrdən etibarən Azərbaycan Ordusu ilkin hərbi uğurlarını qazanmağa başlamışdı”.
1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan qəzetinə müsahibəsində deyib.
“Ali Baş Komandanın göstərişi ilə həmin gündən etibarən düşmənin hərbi infrastrukturu və döyüş texnikasının məhv edilməsinin aeroçəkilişləri ictimaiyyətə təqdim edildi. Bu kadrlar xalqımızda yüksək əhvali-ruhiyyə, qələbəyə sarsılmaz inam, Ermənistan ordusu və cəmiyyətində isə böyük xaos, təşviş və çaşqınlıq yaradırdı”.
“Bir məqama da toxunum” – nazir əlavə edib:
“Ali Baş Komandanın mənə ilk gündən verdiyi tapşırıq və göstərişlərində əsas tələblərdən biri əməliyyat planlarında şəxsi heyət itkisinin minimum səviyyəyə endirilməsini təmin etmək idi. Möhtərəm Prezident hər bir hərbi qulluqçunun həyatına önəm verir, onun təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət yetirilməsini tələb edirdi. Onun üçün hər bir hərbi qulluqçunun döyüşlərdən sağ-salamat qayıtması olduqca önəmli idi. Ona görə də əməliyyat planlarının hazırlanmasında bu tapşırığı əsas götürür, icrasına məsuliyyətlə yanaşırdıq.
Nazir bildirib ki, döyüş əməliyyatlarının gedişi bu tapşırığın icrasının uğurlu olduğunu göstərdi.
“Şəhid olmuş bütün hərbçilərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyirəm. Hər bir şəhid yalnız ailəsinə deyil, bütün xalqımız və ordumuza böyük itkidir. Hərbi taktikaya görə, hücuma keçən ordunun itkisi müdafiə olunan ordunun itkisi ilə müqayisədə 3-4 dəfə çox olmalı idi, lakin tam əksi baş verdi. Düşmən qüvvələrinin itkisinin hücum mövqeyində olan Azərbaycan Silahlı Qüvvələrinin itkisindən dəfələrlə çox olması məhz Müzəffər Ali Baş Komandanımızın müdrik hərbi strategiyasının nəticəsi idi”.