2021-ci ildə itirdiyimiz məşhurlar - FOTO
2021-ci il incəsənət, elm, idman və digər sahələrdə ağır itkilərlə yadda qaldı.
1news.az yola saldığımız ildə vəfat edən tanınmış adamların siyahısını təqdim edir. Qeyd edək ki, həmin şəxslərin bir çoxu koronavirus səbəbindən dünyasını dəyişib:
Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Nailə Mirməmmədli yanvarın 4-də ürək tutmasından dünyasını dəyişib. Qurd qapısı qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Əməkdar incəsənət xadiminin ailəsi 2007-ci ildə faciələrlə üzləşib. Əvvəl 14 yaşlı oğlu dənizdə boğularaq ölüb. Daha sonra N.Mirməmmədlinin həyat yoldaşı, bəstəkar Hikmət Mirməmmədli ürək tutmasından dünyasını dəyişib.
N. Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olub. 1968-1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil alıb. O, 1981-1985-ci illərdə Tusi adına Pedaqoji Universitetində Musiqişünas, Dirijor, Xormeyster, Vokal, Aranjiman, Orkestrovka ixtisasları üzrə təhsilini fərqlənmə diplomu ilə başa vurub. Təhsilini davam etdirmək məqsədi ilə Nailə Mirməmmədli 1994-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Musiqişünaslıq və Tofiq Quliyevin sinfində Bəstəkarlıq ixtisasları üzrə təhsil alıb. 1994-2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim, “Bənövşə” xorunda Xormeyster və Ansambl rəhbəri vəzifələrində çalışıb.
2020-ci ildə BDU-nun Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru təyin edilib.
Azərbaycan estradasındakı minlərlə mahnının müəllifidir.
Yanvarın 27-də aktyor, rejissor, Əməkdar mədəniyyət işçisi Arif Həbibi 77 yaşında həyatını itirib.
Arif Həbibi 1943-cü il iyunun 1-də İran Astarasında anadan olub. 1967-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissor fakültəsini bitirib və həmin ildən “Azərbaycanfilm” kinostudiyasında işə başlayıb.
Azərbaycan Kinematoqrafiya İttifaqının üzvü olan mərhum aktyor xarici ölkələrdə istehsal olunan bədii, sənədli və cizgi filmlərini ana dilinə dublyaj, tərcümə edib.
Kinostudiyanın istehsal etdiyi bədii filmlərin və Vaqif Mustafayevin filmlərinin səsləndirilməsində məsləhətçi-rejissor olub. R.İbrahimbəyevin “Sınıq körpülər” filminin rus dilindən tərcüməçisi və səslənmə rejissoru kimi çalışıb.
Mədəniyyət və İncəsənət Universitetində dublyajdan dərs deyib. 10 ildən çox “Space” “Lider”, “ANS”, “ATV” telekanallarında çalışıb, 1000-ə yaxın müxtəlif filmləri dublyaj edib.
Xalq artisti Yalçın Rzazadə də bu il aramızdan köçənlərdəndir. Mərhum müğənni bu ilin 22 fevralında 74 yaşında dünyasını dəyişib.
Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunun Boladı kəndində doğulub. Onu Azərbaycan tamaşaçısına tanıdan 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid “Durnalar” mahnısı olub. O, Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabit oğlu, Oqtay Kazımi, Telman Hacıyev, Elza İbrahimova, Oqtay Rəcəbli, Ramiz Mirişli, Nəriman Məmmədov, Kamal, Eldar Mansurov, Firəngiz Babayeva kimi bəstəkarların yazdığı mahnıları ifa edib.
1979-cu ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti adına layiq görülüb.
Tanınmış komediya aktyoru Ramiz Hüseynzadə bu ilin mart ayının 18-i vəfat edib. Aktyor beyninə qan sızması nəticəsində dünyasını dəyişib.
Ramiz Hüseynzadə 8 sentyabr 1979-cu ildə Bakı şəhərində anadan olub.
Müxtəlif televiziya kanallarında müəllif, aparıcı və prodüser olaraq çalışıb. “Taksi” verilişinin prodüseri, “Tək səbir” verilişinin baş prodüseri, “Arı şou” verilişinin yaradıcısı və aparıcısı olub. 2008-ci ildən “ARI Production”ın təsisçisi və rəhbəri olub.
Mart ayının 21-i isə Xalq artisti Ramiz Məmmədov xərçəng xəstəliyindən dünyasının dəyişib.
Ramiz Məmmədov 26 sentyabr 1951-ci ildə anadan olub. Uzun illər Akademik Musiqili Teatrda çalışıb.
Bir sıra tamaşalarda yaddaqalan obrazlar yaradan R.Məmmədov musiqili komediya janrının mahir ifaçısı olduğunu təsdiq edib.
Televiziyanın “Səhər görüşləri”ndə, “Yumoristik novellalar”, “Komediyalar aləminə səyahət” verlişlərində, “Yaşıl eynəkli adam”, “Zümrüd quşu”, “Qaynana əməliyatı”, “Get gətir”, “Əzəlim qözəlim”, “Mənim dayım” tamaşalarında müxtəlif rollar oynayan aktyor daha çox populyarlıq qazanıb.
2001-ci ildə Əməkdar artist, 2013-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
Azərbaycanın məşhur gitara ifaçısı, Rəmiş kimi tanıdığımız Rafiq Hüseynov aprelin 5-də dünyasını dəyişib. Koronavirusa yoluxan gitara ifaçısı Bakı Sağlamlıq Mərkəzində müalicə alsa da 2021-ci il aprelin 5-də 76 yaşında vəfat edib.
O 1944-cü il noyabrın 14-də Ağdam rayonunun Gülablı kəndində anadan olub. Sənətkar 50 ilə yaxın bir müddətdə həm Azərbaycanda, həm də xarici ölkələrdə milli musiqi mədəniyyətimizi və instrumental ifaçılıq sənətimizi yüksək səviyyədə təbliğ edib. O, həmçinin Birinci Qarabağ müharibəsi dövründə dəfələrlə cəbhə bölgələrində hərbçilərimiz qarşısında konsert proqramları ilə çıxış edib. 2008-ci ildə “Əməkdar artist”, 2014-cü ildə “Xalq artisti” fəxri adına layiq görülüb.
Kinoaktyor Fikrət Məmmədov da aprelin 5-də vəfat edib. 2002-ci ildə avtomobil qəzası keçirən aktyor uzun illər idi müxtəlif xəstəliklərdən əziyyət çəkirdi.
Fikrət Əli oğlu Məmmədov 1 yanvar 1956-cı ildə Bakıda anadan olub. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. “Fəryad”, “Şir evdən getdi”, “Axırıncı reys”, “Bağlı qapı”, “Bayquş gələndə”, “Cin mikrorayonda”, “Doğma sahillər”, “Gümüşgöl əfsanəsi” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Ömrünün son illərində müstəqil yaradılan “Ol” teatrında çalışırdı.
Qeyd edək ki, aktyor Fikrət Məmmədov Azərbaycanın tanınmış musiqi xadimi Ağası Məşədibəyovun nəvəsidir. Atası Əli Məmmədov “Azərbaycanfilm”də çalışıb, bir sıra filmlərin direktoru olub.
Aprelin 11-də Azərbaycanın veteran futbolçusu Füzuli Cavadov 71 yaşında koronavirusdan vəfat edib.
Futbolçu karyerasının böyük hissəsini “Neftçi”də keçirən F.Cavadov 1972 - 1978-ci illərdə “ağ-qara” formanı geyinib. O, Naxçıvanın “Araz”, həmçinin Rusiyanın OİK (Rostov) və Latviyanın “Dauqava” komandalarında da çıxış edib.
Mərhum futbolçu Azərbaycan millisinin keçmiş hücumçusu Vaqif Cavadovun atası, AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadovun qardaşıdır.
Azərbaycan kinorejissoru, ssenaristi, SSR Xalq artisti Eldar Quliyev uzun sürən xəstəlikdən sonra aprel ayının 16-da 80 yaşında dünyasını dəyişib.
İnfarkt keçirən Xalq artisti 16 aprel 2021-ci ildə müalicə aldığı Respublika Müalicəvi Diaqnostika Mərkəzində vəfat edib. Yasamal qəbiristanlığında həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.
Eldar Quliyev 18 yanvar 1941-ci ildə Bakıda anadan olub. İlk böyük ekran əsəri olan “Bir cənub şəhərində” filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub.
1979-cu ildə “Babək” filmini çəkib. Həmin illərdə “Babək” filmi 52 ölkə tərəfindən satın alınıb. Bunlarla yanaşı “Ən vacib müsahibə”, “Var olun, qızlar…”, “Ürək… Ürək…”, “Nizami”, “Nə gözəldir bu dünya…”, “Girov”, “İstanbul reysi”, “Dərvişin qeydləri” və s. filmlərə quruluş verib.
Mahnıları dillər əzbəri olan Əməkdar artist Baloğlan Əşrəfov da koronavirsun qurbanlarındandır.
Xatırladaq ki, qaraciyər serrozundan əziyyət çəkən tanınmış müğənni, bu diaqnozla 2007-ci ildə ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Daha sonra isə Türkiyədə yaşayan məşhur iş adamı, “Palmali” şirkətinin prezidenti, həmyerlimiz Mübariz Məsimovun maliyyə yardımı ilə qardaş ölkəyə aparılmışdı. Uzun müddət orada müalicə alan sənətkara qaraciyər köçürülmüşdü. Beləliklə də ölümə qalib gələn Baloğlan Əşrəfov aprel ayının 26-ında 69 yaşında koronavirusun qurbanı olub. Masallı rayonunun Bədəlan kəndində doğmalarının məzarı yanında torpağa tapşırılıb.
Baloğlan Əşrəfov 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olub. Oxuduğu mahnıların musiqilərinin çoxunu demək olar ki, özü bəstələyib. Dünyanın bir sıra ölkələrində - Türkiyə, İraq, İran, Almaniya və MDB-nin bütün böyük şəhərlərində konsert proqramları ilə çıxış edib. “Yuxuma gəl”, “Anam mənim”, “Günayım”, “Tanrıdan diləyim ol” və s. kompakt audio, video diskləri musiqisevərlərin ixtiyarına verilib.
Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov 2021-ci il aprelin 30-da Nyu-Yorkda ağciyər xərçəngindən müalicə aldığı xəstəxanada vəfat edib. 2-ci Fəxri xiyabanda dəfn olunub.
Azad Rəhimov 1964-cü ilin 8 oktyabrında Bakı şəhərində anadan olub. 1994-1998-ci illərdə “Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri vəzifəsində, 1998-2006-cı illərdə isə “Italdizain” Qapalı Tipli Səhmdar Cəmiyyətinin rəhbəri vəzifəsində çalışıb. 2006-cı ildən Azərbaycan Respublikasının Gənclər və İdman naziri vəzifəsini tutub.
Müğənni Aslan Hüseynov 4 may 2021-ci ildə yol-nəqliyyat hadisəsi nəticəsində dünyadan köçüb. Gəncədə, həmin il aprelin 26-da vəfat edən anasının məzarının yanında dəfn edilib.
A.Hüseynov 1967-ci il mayın 17-də Qazaxıstanın Cambul vilayətində anadan olub. Onun ən məşhur ifaları olan “Reyhan”, “İgidlər”, “Bulaq suyu, dağ havası” və “Of dədə” Azərbaycan tamaşaçıları tərəfindən sevilib.
Müğənni zaman-zaman Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan səhnələrində Azərbaycan mədəniyyətini təmsil edib, bir çox uğurlu layihələr həyata keçirib.
Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Fikrət Qoca mayın 5-də dünyasını dəyişib. 85 yaşında vəfat edən Xalq şairi Fəxri xiyabanda dəfn olunub.
1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. Çap etdirdiyi şeir kitablarında Vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapıb. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub, şeirlərinə musiqi bəstələnib (“Anacan dostum evlənir”, “Könlüm”, “Günay”, “Gəl ey səhər”, “Çiçək tapa bilmədim”, “Gecə yaman uzundur”, “Payız gəldi” və s.).
Müxtəlif obrazları ilə Azərbaycan tamaşaçılarının qəlbini fəht edən Xalq artisti Arif Quliyev mayın 7-də koronavirus xəstəliyindən vəfat edib. Qurd qapısı qəbiristanlığında dəfn edilib.
Mərhum sənətkar 16 may 1950-ci ildə Şirvan şəhərində dünyaya gəlib. Müxtəlif səpgili və müxtəlif xarakterli obrazlar yaradan aktyor böyükdən kiçiyə hər kəsin sevilmlisinə çevrilməyi bacarıb.
Yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun “Şans”, “Bığ əhvalatı”, “Qaynana”, “Lift əhvalatı”, “Yarım ştat”, “Evləri köndələn yar” və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanıb.
“Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim”, “Alma almaya bənzər”, “Ağ gəmi” bədii filmlərdəki obrazları yaradıcılıq potensialının zənginliyini ifadə edir.
Həmin gün - may ayının 7-si Azərbaycanın Xalq şairi Musa Yaqub da uzun sürən xəstəlikdən sonra 84 yaşında vəfat edib. Buynuz kənd qəbirstanlığında həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.
Qeyd edək ki, Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Ədəbi fəaliyyətə 1957-ci ildə “Azərbaycan” qəzetində çap olunan “İki qəlb, iki dünya” poeması ilə başlayıb. Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak edib.
Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri olub. İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. M.F.Axundov adına mükafata layiq görülüb.
Azərbaycan əsilli görkəmli rəssam və memar, professor Eldar Zeynalov da Türkiyədə koronavirusdan vəfat edib. O, aprelin 25-də koronavirus diaqnozu ilə Nazilli dövlət xəstəxanasına yerləşdirilmişdi. Həkimlərin bütün səylərinə baxmayaraq, rəssam mayın 11-də vəfat edib.
Rəssam 4 ildir Türkiyənin Aydın bölgəsinin Karacasu Bələdiyyə başqanı Zeki İnalın dəvəti ilə rəsm işləri üçün Karacasu rayonuna getmişdi və orada işləyirdi.
Məşhur rəssam, pedaqoq, professor, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov bu ilin 20 mayında 92 yaşında Almaniyanın Berlin şəhərində müalicə olunduğu ağciyər iltihabından vəfat edib. Bakıda Fəxri Xiyabanda dəfn olunub.
T. Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub. 27 yaşında “Dalğa” və “Estakada” adlı ilk əsərlərini çəkib, ümumittifaq, xarici və respublika sərgilərində iştirak edib.
AzTV-nin keçmiş sədri, Filologiya elmləri doktoru, professor Nizami Xudiyev may ayının 25-də böyrək çatışmazlığından vəfat edib.
Nizami Xudiyev 1949-cu il aprelin 1-də Şahbuz rayonunda anadan olub.
Nizami Manaf oğlu Xudiyev 1949-cu il aprelin 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, "Qızıl qələm" mükafatı laureatı, 60-dan çox kitabın, 300-dən çox məqalənin müəllifidir.
1970-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professor, həmkarlar ittifaqı komitəsinin sədri, birinci prorektor işləyib. 1994-1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru olub.
Azərbaycan Milli Məclisinin 1, 2 və 3-cü çağırış üzvü olub.
Müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti Zöhrə Abdullayeva 28 may 2021-ci ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Xırdalan qəbiristanlığında dəfn olunub.
Zöhrə Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub. Azərbaycan Dövlət Texnologiya Universitetini bitirib. İlk sənət müəllimi Rəhilə Həsənova olub. Qaqarin adına Pionerlər Evinə gedən balaca Zöhrəni Rəhilə Həsənova “Sazlı qızlar ansamblı”na aparmışdır. Sara Qədimova, Əbülfət Əliyev, Münəvvər Kələntərli kimi ustad sənətkarlardan dərs alıb. Peşəkar səhnəyə İslam Rzayev gətirib. Əvvəl “Lalə” qızlar ansamblının, sonralar isə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib.
Xalq və bəstəkar mahnıları, muğamlar ifa edən Zöhrə Abdullayeva daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınıb. Bundan başqa, xalq və bəstəkar mahnıları, muğamlar da ifa edib. Dünyanın otuz ölkəsində Azərbaycan musiqisini tərənnüm edib. 2018-ci il mayın 24-də oğlu vəfat etdikdən sonra səhnədən uzaqlaşıb.
Tanınmış futbolçu Səmədağa Şıxlarov iyunun 1-də yolu keçən zaman avtomobil vurması nəticəsində həyatını itirib.
Səmədağa Şıxlarov 1955-ci ildə Neftçalada anadan olub. Hücumçu mövqeyində çıxış edən futbolçu Azərbaycanın “Neftçi”, “Xəzər Sumqayıt”, “Avtomobilçi”, “Kəpəz”, “Çıraqqala Siyəzən”, Ukraynanın “MOİK Kiyev” və Çexoslovakiyanın “SQV” klublarının və SSRİ U-21 milli futbol komandasının heyətində çıxış edib.
Tanınmış azərbaycanlı teleaparıcı Şamil Familli iyunun 2-də ürəktutmasından vəfat edib.
1990-cı illərdən bəri televiziyada çalışan Ş.Familli son illərdə ARB televiziyasında “Bazar Düzü” proqramının aparıcısı idi.
Azərbaycan cazının mahir ustası, bas gitaraçı, əməkdar artist Emil Həsənov da iyunun 2-də vəfat edib.
Emil Həsənov 19 dekabr 1960-cı ildə Bakda anadan olub. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) violonçel sinfində (professor Rasim Abdullayevin sinfi) Simli alətlər fakültəsində təhsil alıb.
1983-cü ildən Xalq artisti, bəstəkar Rafiq Babayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Televiziya və Radiosunun Estrada simfonik orkestrində, 1991-ci ildən “Cəngi” qrupunda çıxış edib. O, eyni zamanda Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti kimi fəaliyyət göstərib.
Salman Qəmbərovun “Bakustik Jazz” qrupunun üzvü olan E.Həsənov bir sıra beynəlxalq festivallarda iştirak edib.
İyunun 4-də xidməti vəzifələrini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan “KamAZ” markalı sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov şəhid olublar.
Kinorejissor, Xalq artisti, professor Ramiz Əzizbəyli uzun sürən xəstəlikdən sonra bu il iyunun 9-da 72 yaşında vəfat edib.
Koronavirus (COVID-19) diaqnozu ilə Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilən Xalq artisti 9 iyun 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. Qurd qapısı qəbiristanlığında dəfn edilib.
R.Əzizbəyli 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. 1987-ci ildə “Debüt” studiyasında çəkdiyi “Pirverdinin xoruzu” qısametrajlı bədii filmi ilə rejissorluq fəaliyyətinə başlayıb. 1991-ci ildə “Bəxt üzüyü” tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb.
Rejissoru olduğu “Yalan” bədii filmi isə Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Azərbaycanın “Əməkdar artisti”, 2008-ci ildə isə Azərbaycanın “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2018-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.
Sağlığında “Toylar kralı” adı ilə tanınan Xalq artisti Səməd Səmədov 24 iyul 2021-ci ildə sepsis və septik şok diaqnozu səbəbindən vəfat edib. Mərhum Yasamal qəbiristanlığında dəfn olunub.
Səməd Səmədov 1946-cı il, sentyabrın 17-də Aşqabadda anadan olub. 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçüb. Müslüm Maqomayev, Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu kimi musiqi xadimləri ilə birgə Bülbül adına musiqi məktəbinin skripka sinfini bitirdikdən sonra A.Zeynallı adına Musiqi Məktəbinin nəzəriyyə sinfinə daxil olub.
2000-ci ildə əhali arasında aparılan sorğunun nəticələrinə görə “Toylar kralı” adını qazanıb. Ona bu adı Azərbaycan estradasının korifeyi Mirzə Babayev verib. 2011-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.
Xalq artisti Vaqif Əliyev avqustun 13-də 81 yaşında ürək çatışmazlığından dünyasını dəyişib. Yasamal qəbiristanlığında atasının yanında torpağa tapşırılıb.
Vaqif Əliyev 1940-cı ildə Bakıda anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Dram Teatrında çalışmağa başlayıb. 1968-ci ildə təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilib. 32 il bu teatrda aktyor kimi çalışıb, yüzdən artıq tamaşada müxtəlif obrazlar yaradıb. 2000-ci ildən sənət fəaliyyətini Bakı Bələdiyyə Teatrında davam etdirib. Filmlərə (“Ağ atlı oğlan”, “Yük”, “Biz qayıdacağıq”) çəkilib. 1990-cı ildə “Əməkdar artist”, 2002-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.
“Ayrılq”la məşhurlaşan Azərbaycan Respublikasının Əməkdar artisti Yaqub Zurufçu da bu il həyatını dəyişən sənətçilərdəndir. Koronovirusa yoluxan Y.Zurufçu müalicə üçün “Yeni klinika”ya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb, sentyabrın 14-də 65 yaşında vəfat edib.
Güney Azərbaycandan olan müğənni, 1956-cı ildə aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. O, 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək “Evləri var xana-xana”, “De gülüm gəlsin ay nənə”, “Dilbər” mahnısını ifa edib. “Ayrılıq” mahnısı ilə çox sevilən sənətçi 1989-cu ildə Gülağa Məmmədovun dəvəti ilə ilk dəfə Azərbaycana gəlib.
Y.Zurufçu ABŞ vətəndaşı olmaqla bərabər, 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığı da alıb. 17 sentyabr 2009-cu ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına adına layiq görülüb.
“Qaya” estrada-simfonik orkestrinin bədii rəhbəri, Xalq artisti Teymur Mirzəyev sentyabrın 20-də İsraildə müalicə aldığı xəstəxanada 85 yaşında vəfat edib.
T.Mirzəyev 1936-cı ildə Ağdamda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijor fakültəsini bitirib. O, 1961-ci ildə “Qaya” Dövlət ansamblının yaradıcısı, bədii rəhbəri və solisti olub. Onun rəhbərliyi dövründə ansambl Almaniyada, Avstriyada, Amerikada, Türkiyədə, Hindistanda, Afrikada, Çexoslovakiyada, İsraildə, Kanadada, Gürcüstanda, Ukraynada məharətlə konsertlər verib. T.Mirzəyev yeni nəsil musiqiçilərin yetişməsində də böyük rol oynayıb.
Məşhur müğənnisi Səyyad Əlizadə də koronavirusdan vəfat edənlər arasındadır. 30 sentyabr 2021-ci ildə 63 yaşında COVID-19 epidemiyasından vəfat edən müğənni Füzuli rayonunun Babı kəndində valideynlərinin yanında torpağa tapşırılıb.
Məşhur müğənni 6 avqust 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. 19 yaşında Azərbaycan Dövlət Televiziyasında “Xoş gördük, tələbə” verilişində çıxış edib. Tələbəlik illərində İslam Rzayevin “Araz” ansamblında çalışıb. 1988-ci ildə Azərbaycan İncəsənət İnstitutunun nəzdindəki Bakı Xalq İncəsənət Universitetinə daxil olub və 1990-cı ildə vokal ixtisası üzrə iki illik kursu bitirib.
S.Əlizadə 1987-ci ildə ilk “Təbrizim” albomu buraxıb. 1990-cı il hadisələrindən təsirlənən müğənni “Azərbaycanım” adlı ikinci albomunu buraxıb. Xüsusilə, “Bəyaz gecələr”, “Gül ki” mahnıları ilə xalqın sevgisini qazanıb.
Son dövrdə “Bəyaz gecələr” Yaradıcılıq Mərkəzinə və “Bəyaz gecələr” MMC-yə rəhbərlik edirdi.
Oktyabrın 5-də Gəncə Dövlət Dram Teatrının rejissoru, Xalq artisti Vaqif Şərifov 78 yaşında dünyasını dəyişib.
Vaqif Şərifov 12 avqust 1943-cü ildə Gəncədə anadan olub. 1960-cı ildən teatrda əmək fəaliyyətinə başlayıb. 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsini bitirib.
Gəncə Dövlət Dram Teatrında rejissor, 1974-1977-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında baş rejissor, 1977-1981-ci illərdə Ağdam Dövlət Dram Teatrında baş rejissor, 1981-1984-cü illərdə yenidən Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor, 1984-cü ildən 1998-ci ilədək həmin teatrda direktor və bədii rəhbər vəzifəsində çalışıb.
Görkəmli sənətkar “Qanun dəllalı” (Mirzə Məhəmməd Axundzadə) tamaşasının quruluşuna görə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl dərviş” mükafatını qazanıb.
Oktyabrın 8-i Xalq artisti, rejissor Ağakişi Kazımov 85 yaşında dünyasını dəyişib.
Ağakişi Şəmməd oğlu Kazımov 1935-ci il iyunun 28-də Ağcabədi rayonunda dünyaya göz açıb. 1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Tələbə ikən Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb, müxtəlif tamaşalarda yaddaqalan obrazlar yaradıb. Bir sıra teatrlarda rejissor kimi fəaliyyət göstərən A.Kazımov aktyor kimi kinoya da çəkilib. “Yük” bədii filmində (1995) Hacı Zeynalabdin Tağıyev rolunu oynayıb.
Xalq artisti Canəli Əkbərov Oktyabrın 22-də vəfat etdi. Xanəndə iki il əvvəl beyin insultu keçirmişdi.
Canəli Əkbərov 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub. Musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. Müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda-qanunlarını mənimsəyib və öz ifaçılıq qabiliyyətini təkmilləşdirib.
1965-ci ildən Canəli Əkbərov Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1976-cı ildən bu günə kimi Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.
Azərbaycan jurnalisti və televiziya aparıcısı Elnur Əşrəfoğlu uzun sürən müalicədən sonra 2021-ci il oktyabrın 19-da koronavirusdan vəfat edib. Saray qəsəbəsindəki qəbiristanlıqda torpağa tapışırılıb.
Tanınmış jurnalist 1974-cü il 19 iyunda anadan olub. Bir sıra qəzetlərlə əməkdaşlıq etdikdən sonra 1993-cü ilin sonlarında Azərbaycan Televiziyasında 16 il işləyib. 1994-cü ildə AZTV-də müəllifi olduğu “Sport digest” əyləncəli idman televiziya verilişindən sonra ölkədə məşhurluq qazanıb.
İdmanla bağlı bir neçə sənədli filmin ərsəyə gəlməsində əməyi olub. 1995-ci ildə İsraildə müstəqil Azərbaycanın xarici ölkədən ilk futbol reportajını aparan şərhçi kimi televiziya tarixinə düşüb.
2011-ci ildə “Space” TV telekanalının idman departamentinin rəhbəri, 2015-ci ildə Azərbaycan Cüdo Federasiyasında baş katibinin müavini təyin olunub.
Azərbaycanın tanınmış aktyoru, Əməkdar artist Məcnun Hacıbəyov da koronavirsun qurbanları sırasındadır. Edilən müdaxilələrə baxmayaraq, sevimli aktyorun həyatını xilas etmək mümükün olmayıb və o, noyabrın 16-da vəfat edib.
Məcnun Hacıbəyov 1935-ci ildə Quba rayonunun II Nügədi kəndində doğulub. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. Aktyor “Canavar balası”, “Evlənmək istəyirəm”, “Gənclik macərası”, “Göz həkimi”, “Gülüş sanatoriyası”, “Kişilər”, “Qatarda”, “Qəzəlxan”, “Yarımştat” kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib.
Noyabrın 16-da Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov 59 yaşında koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, Seyfəddin Qurbanov 1962-ci il oktyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Siyaqut kəndində anadan olub.
1989-cu ildə Xarkov İncəsənət və Sənaye İnstitutunu bitirib. Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının Heykəltəraşlıq kafedrasının dosentidir. 1987-ci ildən ümumukrayna və ümumittifaq sərgilərində iştirak etməyə başlayıb. 1991-ci ildən Ukrayna Rəssamlar İttifaqının Xarkov filialının üzvüdür. Ukraynanın Kiyev şəhərindəki “Səməd Vurğun”, İrpensk şəhərindəki “Zərifə Əliyeva” və digər abidələrin müəllifidir.
Noyabr ayının 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində aşağıdakı hərbi qulluqçular həlak olublar: polkovnik Cavadov Fizuli Əli İbram oğlu, polkovnik Nəzirov Emil Nəzir oğlu, mayor Həsənov Elmir Mircəlil oğlu, mayor Əhmədov Elbrus Səmrəddin oğlu, mayor Mayılov Emil Şahid oğlu, mayor Məmmədov Murad Yaşar oğlu, mayor Əliyev Emil Elman oğlu, tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu, kapitan Bayramlı Cavid Əhliman oğlu, kapitan Əliyev Xəyyam Əlixan oğlu, kapitan Qaraisayev Teymur Ənvər oğlu, leytenant Süleymanov Abdulla Telman oğlu, baş leytenant Nağıyev Fərid Təyyar oğlu, işçi Nəbiyev Elçin Fikrət oğlu.
Dekabrın 8-də tarixçi alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Fəridə Məmmədova uzun sürən xəstəlikdən sonra 85 yaşında vəfat edib.
Fəridə Cəfər qızı Məmmədova 8 avqust 1936-cı ildə Şirvan şəhərində anadan olub, 1955–1960-ci illərdə Azərbaycan Dövlət Universitetinin (hazırda BDU) Tarix fakültəsində təhsil alıb.
6 monoqrafiya və 120 məqalənin müəllifi olan F.Məmmədovanın Qafqaz Albaniyasının tarixinin araşdırılmasında müstəsna xidmətləri olub.
Allah rəhmət eləsin!
Hazırladı: B.Cahandarov












