Sənay Qəhrəmanlıya qarşı təcavüz etməkdə şübhəli bilinən şəxsin məhkəməsi başlayır
2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal rayon prokurorluğunda başlanmış cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilib.
1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, cinayət işinin istintaqı zamanı şahid dairəsinin müəyyən edilərək dindirilməsi, habelə zəruri ekspertizaların təyin edilməklə rəylərinin əldə olunması təmin olunub
Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri ilə Əsgər Ağazadənin aşkar surətdə yetkinlik yaşına çatmayan Sənay Qəhrəmanlıya cinsi təcavüz etməsinə əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi üzrə Əsgər Ağazadəyə Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsi ilə yekun ittiham elan edilməklə istintaq orqanının təqdimatı əsasında sonuncunun barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
30 dekabr 2021-ci il tarixdə Əsgər Ağazadənin təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.