Deputat tıxaclardan şikayətləndi: “İndi Bakıda pik saatı anlayışı yoxdur...”

“İndi Bakı şəhərində pik saatı anlayışı yoxdur, istənilən saatda tıxacda qalırsan”.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, aidiyyəti qurumların 2022-ci ildə bu problemin necə həll olunacağını insanlara izah etməsini gözləyirik: “Biz intellektual idarəetmə əvəzinə cərimə yığma yolunu seçdik. Nə parklanma məsələsi həll oldu, nə tıxac məsələsi öz həllini tapdı. Saat 9-da işə başlayan məmur saat 7-də evdən çıxır ki, işə gecikməsin. Bakı şəhərini necə yüngülləşdirəcəyik ki, insanlar tıxacda bu qədər vaxt itirməsin?! Bu problemin həlli üçün insanlara konkret yol xəritəsi təqdim olunmalıdır. 4 saat tıxacda qalmaq iqtisadiyyata nə qədər ziyan vurur”.
Deputat Razi Nurullayev isə qeyd edib ki saatlarla insanlar yollarda qalır, bunu tənqidlə də həll etmək mümkün olmur: ‘İnsanların iş saatlarını bölmək olar. Bəzi ölkələrdə insanlar iş saatlarını özləri seçir. Bizdə də bu təcrübəni tətbiq etmək olar. Saat 7-də işə gələn saat 3-də çıxsın. Bu dünyada tətbiq edilən mexanizmdir. İşçilərin bir hissəsinin iş saatı 8-də, 9-da, 10-da başlasın. Bunu bizdə tətbiq etsək, insanlar 3-4 saat yollarda qalmazlar”.
1news.az