Şəhid polkovnik Babək Səmidli doğum günündə yad edildi

89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev 7 yanvar 2022-ci il tarixində Göyçay rayonunun İkinci Qarabağ-Vətən Müharibəsi şəhidi Babək Mətləb oğlu Səmidlinin ailəsini ziyarət edərək şəhidimizin doğum gününü dərin hüznlə anıb.
Şəhid ailəsinə başsağlığı bildirilərək şəhidimizin ruhu hüznlə yad edilib. İkinci Qarabağ-Vətən müharibəsində Azərbaycan xalqının vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyi, Ali Baş Komandan, böyük sərkərdə İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı möhtəşəm qələbə nəticəsində bütün şəhidlərimizin, qəhrəmanlarımızın qanının yerdə qalmadığı vurğulanıb.
Yaşasaydı polkovnik Babək Səmidlinin 48 yaşı tamam olacaqdı. Şəhid Babək Mətləb oğlu Səmidli 7 yanvar 1974-cü il tarixində Göyçay şəhərində ziyalı ailəsində anadan olub.
O, 1997-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətinə başlayaraq polkovnik hərbi rütbəsinə qədər yüksəlmiş, çətin və şərəfli inkişaf yolu keçərək Azərbaycan Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə Komandir müavini vəzifəsinə layiq görülmüşdü.
İkinci Qarabağ – Vətən Müharibəsi başlayan zaman Babək Səmidli Suqovuşan istiqamətində gedən döyüşləri idarə edənlərdən biri olub.
O, müharibə başa çatdıqdan sonra 2020-ci il noyabrın 23-də Suqovuşan ərazisində minaya düşüb və şəhid olub. Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya sülhməramlıları və Ermənistan tərəfinin rəsmilərindən ibarət qrupun üzvü idi. Qrupun məqsədi döyüş meydanında qalan meyitlərin çıxarılması idi.
Babək Səmidli noyabrın 24-də Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olundu.
Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamına əsasən Babək Səmidli ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları və “Zəfər” ordeni ilə təltif edilib.
Bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.
1news.az