Vüqar Süleymanov: Gəlin bir olaq, təmkin göstərək və təhlükəsiz Qarabağımıza sağlam qayıdaq
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov vətəndaşlara müraciət edib.
1news.az-ın verdiyi xəbərə görə, müraciətdə deyilir:
"Öncə vətəndaşlara təşəkkür etmək istərdim ki, il ərzində çağırışlarımıza diqqət edərək təhlükəli ərazilərə səfər etmədilər. Bizim fəaliyyətimizin fasiləsiz və davamlı icra edilməsi üçün şərait yaratdılar. Bu il “Böyük Qayıdış” proqramı üzrə Qarabağa ilk sakinlərin köç edilməsi gözlənilir, onlara partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimləri keçiriləcək.
Bildirim ki, Agentlik tərəfindən 130 dövlət qurumu və özəl müəssisənin 5000-dən yuxarı əməkdaşı ümumi maarifləndirmə və təlimçilərin təlimi proseslərinə cəlb olunub. Minalı ərazilərə yaxın 80 kənddə mina təhlükəsi ilə mübarizə qrupları yaradılıb. Eyni zamanda, minlərlə maarifləndirici və xəbərdaredici materiallar hazırlanaraq əhaliyə paylanılıb.
Maarifləndirmə - minatəmizləmə əməliyyatlarının mühüm istiqamətlərindən biri olaraq tərəfimizdən davam etdiriləcək. Necə deyərlər, güc birlikdədir – bu səbəbdən fürsətdən istifadə edib, vətəndaşlarımıza müraciət etmək istəyirəm ki, gəlin bir olaq, təmkin göstərək və təhlükəsiz Qarabağımıza sağlam qayıdaq".