Azərbaycanda Təbiət və Ov Turizmi Assosiasiyası fəaliyyətə başlayıb

2022-ci ildən ölkədə Təbiət və Ov Turizmi Assosiasiyası fəaliyyətə başlayıb.
1news.az xəbər verir ki, sözügedən qurumun yaradılmasında məqsəd Azərbaycanın ovçuluq təsərrüfatlarında vəhşi heyvanların, quşların sərbəst və yarımsərbəst yolla artırılmasını həyata keçirmək, bu yolla növlərin təbiətdəki təbii populyasiyasına təsirlərin minimuna endirilməsi, “məsuliyyətli ovçu” anlayışının təbliği, eyni zamanda əcnəbi ovçuların maariflənməsi və ölkə qanunlarına riayət etməsinə nail olmaqdır.
Assosiasiya, həmçinin mövcud problemlərin müzakirəsi, davamlı inkişafa hesablanmış proqramların hazırlanması, ovçuluq təsərrüfatlarının inkişafı, bu təsərrüfatlarda həm də uşaqlar üçün əyləncəli infrastrukturun yaradılması, maarifləndirici və məlumatlandırıcı obyektlərin açılması və bu kimi digər istiqamətlərlə bağlı turizm şirkətləri ilə məsləhətləşmələr aparararaq Assosiativ qurum kimi əhəmiyyətli funksiyaları öz üzərinə götürəcək. Fəaliyyəti çərçivəsində yerli mütəxəssislərlə yanaşı, xarici ekspertləri də cəlb edəcək.
Assosiasiyanın fəaliyyətinin əsas hədəfi isə Azərbaycanda “məsuliyyətli ovçuluğu” geniş anlamda təşviq etməklə qanunvericiliyə riayət olunmasına, biomüxtəlifliyin qorunmasına və bu sahədə sabit, davamlı istifadənin təmin edilməsinə töhfə verməkdir.
1news.az