Buraxılış imtahanlarının proqramları açıqlanıb
Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışlarını nəşr edib.
DİM-dən 1news.az-a verilən xəbərə görə, jurnallarda buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri və qiymətləndirmə meyarları, ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin Təhsil Nazirliyi ilə razılaşdırılmış modeli, balların hesablanma qaydası dərc edilib. Jurnallarda, həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama bacarığını yoxlamaq üçün tapşırıq nümunələri təqdim edilib.
DİM-in saytında (http://dim.gov.az/news/2504/) müvafiq audiofaylları telefona və ya kompüterə yükləyib dinləməklə həmin tapşırıqları cavablandırmaq olar. Audiofayllar gün ərzində müvafiq bölməyə əlavə olunacaq.
Jurnalları "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.