Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Polşada tutularaq, ekstradisiya olunub
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabitliyin və təhlükəsizliyin təmin olunması, xüsusilə cinayətkarlığın qarşısının alınması üzrə önəmli tədbirlər görülür, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir.
1news.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.
Dövlətimiz müxtəlif ölkələrlə ikitərəfli müqavilələr, Avropa, habelə MDB çərçivəsində çoxtərəfli konvensiyalar üzrə ekstradisiya və digər sahələrdə effektiv qarşılıqlı fəaliyyət həyata keçirir, Ədliyyə Nazirliyi tərəfindən xarici tərəfdaşlarla səmərəli görüş və danışıqlar təşkil olunur, əldə olunmuş razılığa əsasən isə pandemiya şəraitində operativliyin təmin olunması üçün sənədlər elektron qaydada da göndərilir. Bunun nəticəsində son dövrdə adam öldürmə, adam oğurluğu, dələduzluq və rəsmi sənədlərin saxtalaşdırılması kimi cinayət əməllərində təqsirləndirilən şəxslərin Almaniya, Bosniya və Herseqovina, Türkiyə, Əlcəzair, Monteneqro, Ukrayna və s. dövlətlərdən ölkəmizə ekstradisiyasına nail olunub.
Ötən il Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə (qəsdən sağlamlığa insan həyatı üçün təhlükəli olan ağır zərər vurma) ittiham edilərək beynəlxalq axtarışa verilən şəxs Polşa Respublikasında saxlanılıb. Ədliyyə Nazirliyi tərəfindən Polşanın səlahiyyətli qurumları ilə aparılan danışıqlar və iki ölkə arasında ekstradisiya sahəsində səmərəli əməkdaşlığın nəticəsi olaraq həmin şəxsin ekstradisiyasına razılıq verilib.
Polşaya birbaşa uçuş reysi olmadığından ekstradisiya olunan şəxsin İstanbul vasitəsilə tranzit olaraq Azərbaycana gətirilməsi barədə qardaş Türkiyə ilə razılığa gəlinib. Nəticədə axtarışda olan şəxs nazirliyin əməkdaşları tərəfindən ölkəmizə gətirilib və istintaqa təhvil verilib.
Səmərəli əməkdaşlıq nəticəsində ötən 3 il ərzində cinayət törətməkdə təqsirli bilinən 80-dən çox axtrarışda olan şəxsin Azərbaycana ekstradisiyası təmin olunub.
Bununla da cinayətkarlıqla mübarizədə müstəsna rolu olan cəzanın labüdlüyü prinsipi təmin edilməklə cinayətkarların özlərini istənilən yerdə azad və təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.