Qaradağlı qətliamından 30 il ötür
Bu gün Ermənilərin Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qətliamdan 30 il ötür.
1news.az-ın məlumatına görə, erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayın hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər.
İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub.
Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə aparıb. Döyüşlərdə biri qadın olmaqla 14 nəfər həlak olub. Silah-sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir götürülüblər və onların növbəti məşəqqətləri başlanıb.
Kəndin Bəylik bağı adlanan yerində 23 sakin erməni cəlladları tərəfindən güllələnib, əksəriyyəti yaralı halda diri-diri silos quyusunda basdırılıb. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək güllələnib. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürülüb. Girovluqda olan 8 nəfər kənd sakininə ermənilər əzab və işgəncələr verərək onları amansızlıqla qətlə yetiriblər. Dörd nəfər müxtəlif dövrlərdə şəhid olub. Beş nəfərin taleyi bu günə qədər məlum deyil.
Beləliklə, erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparan Qaradağlı kəndi 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladlar öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək torpaqlayblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Əsir götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azad olunanların 5 nəfəri qadınlar olmaqla 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib.
Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə öz başçısını itirib, 146 uşaq yetim qalıb.
Şahid ifadələrinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başları kəsilib. 5 nəfərin taleyi bu günədək məlum deyil.
Qaradağlıya Ermənistan silahlı qüvvələrinin həmlələri zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəb yaşlı uşaq olub. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.
1news.az