İşğaldan azad edilən ərazilərə icazəsiz keçmək istəyən şəxslər yaxalanıblar - FOTO
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində mina və digər partlayıcı vasitələrlə çirkləndirilmiş əraziyə daxil olaraq özünün və digərlərinin həyatını təhlükə qarşısında qoyan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan 1news.az-a bildiriblər ki, nəzarət postlarından kənar yollarla rayonun Həsənqaya kəndi ərazisindəki minalarla çirkləndirilmiş əraziyə dəmir tullantıları toplamaq məqsədilə daxil olan 4 nəfər polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb. Araşdırmalarla onların Həsənqaya kənd sakinləri - Z.Həsənov, A.Həsənov, S.Həsənov və Y.Həsənli olduqları müəyyən edilib.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib. Onlardan ikisi inzibati qaydada 10 gün müddətinə həbs, digər ikisi isə cərimə ediliblər.
Qeyd edək ki, S.Həsənov və A.Həsənov əvvəllər də törətdikləri analoji əmələ görə inzibati qaydada məsuliyyətə cəlb olunublar.