Polşa, Çexiya və Sloveniya baş nazirləri Ukraynaya niyə getmişdi?
Paytaxt Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski və digər rəsmilərlə görüşən nümayəndə heyəti martın 16-da Polşaya geri dönüblər.
Polşa hökumətinin mətbuat katibi Piotr Müller bildirib ki, missiyanı başa vuran baş nazirlər Mateuş Moravetski (Polşa), Petr Fiala (Çexiya) və Yanez Yanşe (Sloveniya) Aİ Şurasının sədri Şarl Mişellə səfərin yekunlarına dair fikir mübadiləsi aparıblar. Polşanın Baş nazirinin müşaviri Mixal Dvorçuk səfərin yekunları ilə bağlı mətbuata verdiyi açıqlamada Polşanın təklif etdiyi sülhməramlı missiya barədə danışıb. O bildirib ki, Polşanın bu müraciəti təkcə Avropaya deyil, bütün dünyaya ünvanlanıb və müharibənin sona çatdırılması üçün realist həllin tapılmasına kömək etməlidir. Ona görə də vəziyyətin nizamlanması Şimali Atlantika Alyansı səviyyəsində müzakirə edilməlidir.
Böyük hadisələr dövrünün astanasında olduğumuz hər kəsə bəllidir. Rusiya-Ukrayna müharibəsində ya danışıqların nəticəsi kimi atəşkəs elan olunacaq (aralıq sənəd də imzalana bilər), ya da bu müharibənin ən qanlı dövrü başlayacaq və yeni mərhələyə qədəm qoyulacaq. Fikirlərimizi əsaslandıraq: - Zelenskinin prezident ofisindən artıq bildirirlər ki, Moskva ilə danışıqlar əsasında razılıq əldə etmək mümkündür; - Öz növbəsində Rusiyadan bildirilir ki, razılaşmanı hansısa bir formaya salmaq mümkündür. BMT TŞ-nin qətnaməsi formasında olacağı da istisna edilmir. Sənədə vurulacaq möhür də mühüm əhəmiyyət kəsb edir; - Qərb media orqanlarında Rusiyanın silah üçün Çinə müraciət etməsi tirajlandı. Bu nəyə görə edilir? Gələcəkdə belə müraciət olarsa Çinin məsələni bəri başdan təkzib etməsi ilə nəticələndirmək mümkün olsun; - ABŞ prezidentinin təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev arasındakı danışıqların keçirilməsinə hazırlıq işləri görülür; - ABŞ ən varlı tamaşaçıları olan CNBC kanalı media seqmentinə məlumat buraxır ki, ABŞ dəniz ticarəti də daxil olmaqla Rusiyaya qarşı ticari-iqtisadi blokadaya salmağa hazırlaşır. Bu isə nəyə gətirib çıxarır? Bəli! Müharibəyə! Bu isə müharibənin elan olunması da deyil? Bu elə müharibədir! Tarixə nəzər salsaq, Napoleonun Rusiyaya daxil olması, Borodino savaşı da daxil olmaqla müharibə ona görə baş verdi ki, Fransa İngiltərəyə qarşı blokada elan etdi. Buna görə də baş verənləri çox ciddi və ağır xəbərdarlıq kimi qəbul edə bilərik.
Baş nazirlərin Ukraynaya səfərinə gəlincə, çox güclü təhlükəsizlik tədbirlərinin həyata keçirildiyini qeyd edə bilərik. Bütün gün ərzində komendant saatı elan olunmuşdu. Analogiya aparsaq bu cür səfər bir dəfə həyata keçirilmişdi. Həmin nümunədə də Rusiya təcavüz etmişdi və Avropanı təmsil edən yüksək vəzifəli rəsmilər təcavüzə məruz qalan ölkəyə səfər etmişdilər. 2008-ci ilin 13 avqustunda Polşa, Ukrayna, Estoniya, Latviya və Litva prezidentləri Tbilisi şəhərinə gəlmişdilər. Onlar nümayişçilər önündə çıxış etmişdilər. Bu, 5 günlük müharibənin məhz 5-ci günündə baş vermişdi! Həmin dövrdə də xüsusilə ABŞ-ın orbitində olan dövlətlərin və beynəlxalq təzyiqlərin güclü olduğunu qeyd edə bilərik. Müharibənin 5 gün davam etməsinin səbəbi kimi Avropa liderlərinin səfərini və Rustaveli prospektində çıxış etməsini hipotetik də olsa güman etsək Rusiya və Ukrayna arasında ehtimal olunan razılaşma yaxın günlərdə imzalanacaq. Bu gün təhlükənin də pik həddində olduğunu nəzərə alaraq sözügedən səfər baş nazirlər səviyyəsində reallaşdı.
Hazırda Kreşatikə qədər gedib çıxmaq hər prezidentin hünəri də deyil. Xüsusilə vurğulamaq lazımdır ki, 2008-ci ildə baş verən səfərdə təhlükəsizlik zəmanəti də verilməmişdi. Baş nazirlərin arasında Gürcüstan təmsilçinin olmaması da diqqət çəkir. Çexiyanın baş naziri Petr Fiala, Polşanın baş naziri Mateuş Moravetski və Sloveniyanın baş naziri Yanez Yanşeyin arasında 2008-ci ildə göstərilən dəstək və həmrəyliyin ödənilməsi baxımdan Gürcüstanın baş naziri İrakli Qaribaşvili də ola bilərdi. Amma bu artıq başqa təhlilin mövzusudur...
Politoloq İlyas Hüseynov