Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyəti Naxçıvana səfər edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyəti Naxçıvana səfər edib

15:51 - Bu gün
Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyəti Naxçıvana səfər edib

Türkiyə Milli Müdafiə Universitetinin (MMU), Hərbi Hava və Hərbi Dəniz institutlarının rəhbər heyəti, müəllimləri və “Qərargahın idarə olunması kursu”nun dinləyiciləri ölkəmizə səfər çərçivəsində Naxçıvanda olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, qonaqlar əvvəlcə Naxçıvan şəhərinin baş meydanında ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsinə ehtiram nümayiş etdiriblər. Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub, qonaqlara Ulu Öndərin çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən mənalı ömrünün Naxçıvan mərhələsi haqqında ətraflı məlumat verilib.

Nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.

Səfər çərçivəsində qonaqlar Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahında olublar. Onlara ƏÜO-nun yaranma tarixi, nkişaf yolu, fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran məqsədlərlə bağlı ətraflı məlumat verilib, protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

ƏÜO komandanı general-mayor Kənan Seyidov Türkiyə Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncu ilə görüşüb. Görüş zamanı hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb, bu istiqamətdə görüləcək işlər və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərdən danışılıb.

Türkiyəli nümayəndələr Naxçıvan Hərbi Kolleci və Heydər Əliyev adına Hərbi Liseydə olublar. Onlara xüsusi təyinatlı təhsil müəssisələrində aparılan islahatlar, mövcud hərbi təhsil sistemi, tədris və elmi fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qonaqlar qərargah, tədris korpusları, yataqxana və digər inzibati binalara baxış keçirib, kursantlar üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olublar.

Sonra Türkiyə-Azərbaycan Dostluq Parkı və tarixi-mədəniyyət abidələri ziyarət olunub.

Ölkəmizə “Xarici ölkələrdə müşahidə gəzintisi” çərçivəsində səfəri zamanı qardaş ölkənin nümayəndə heyəti, işğaldan azad edilmiş ərazilərimizi də ziyarət edib, aparılan bərpa-quruculuq işləri ilə tanış olublar.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər